Obama: “İnsan itkilərinə məhəl qoymayan İsrailin hərbi strategiyası sonda əks nəticə verə bilər

İsrail ordusu HƏMAS-ı məhv etmək üçün Qəzzaya intensiv hücumlarını davam etdirəcəyini açıqlasa da, ABŞ-ın keçmiş prezidenti Barak Obama “insan itkilərinə məhəl qoymayan İsrailin hərbi strategiyasının sonda əks nəticə verə biləcəyi” barədə xəbərdarlığını edib.

“Mən prezident Baydenin ABŞ-a uzunmüddətli müttəfiqimizi HƏMAS-ın ardınca getməyə, onun hərbi imkanlarını sıradan çıxarmağa və yüzlərlə girovun ailələrinə təhlükəsiz qayıtmasına kömək etməyə çağırışını tam dəstəkləyirəm. Ancaq biz İsraili dəstəklədiyimiz halda, İsrailin HƏMAS-a qarşı bu mübarizəni necə təqib etdiyini də açıq-aşkar bilməliyik. Xüsusilə, Prezident Baydenin dəfələrlə vurğuladığı kimi - İsrailin hərbi strategiyasının beynəlxalq hüquqa, o cümlədən mülki əhalinin ölümündən və ya əzabından mümkün qədər qaçmağa çalışan qanunlara riayət etməsi vacibdir”.

Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı yazılı açıqlama xarici siyasətlə bağlı hadisələri nadir hallarda şərh edən keçmiş ABŞ prezidenti Barak Obama sosial mediada paylaşdığı yazılı açıqlamada İsrailə “HƏMAS-dan qisas alarkən fələstinlilərin vəziyyətini sərtləşdirəcək mülki itkilərə yol verməmək” haqda xəbərdarlıq edib.

HƏMAS-ın idarə etdiyi Qəzzadakı səhiyyə rəsmiləri HƏMAS-ın oktyabrın 7-də 1400 nəfərin ölümünə səbəb olan hücuma cavab olaraq İsrailin iki həftədir həyata keçirdiyi hava hücumlarında Qəzzada ölənlərin sayının 5 mini keçdiyini bildirib.

İsrail Qəzzaya hava zərbələrini davam etdirərkənn HƏMAS 7 oktyabr hücumunda girov götürdüyü iki nəfəri azad edib. Beləliklə, indiyədək azad edilən girovların sayı 4-ə yüksəlib. HƏMAS-ın 200-dən çox girov saxladığı təxmin edilir.

“Əksəriyyəti uşaqlar olan minlərlə fələstinli Qəzzaya edilən bombardmanlarda artıq həyatını itirib. Yüz minlərlə insan öz yaşadığı yerləri tərk etmək məcburiyyətində qalıb".

Sabiq ABŞ prezidenti həmçinin yazıb: “İsrail hökumətinin əsirlikdə olan mülki vətəndaşların ərzaq, su və elektrik enerjisini kəsmək qərarı nəinki artan humanitar böhranı dərinləşdirəcək, həm də nəsillər boyu fələstinlilərin vəziyyətini ağırlaşdıracaq. Bu, İsrailə qlobal dəstəyi zəiflədə bilər. Bu, İsrailin regiondakı düşmənlərinin “çörəyinə yağ sürtmək”lə yanaşı regionda sülh və sabitliyi təmin etmək üçün uzunmüddətli səylərə zərbə vura bilər”.

Obama açıqlamasında HƏMAS-ın hücumunu pisləyib və İsrailin özünü müdafiə haqqını dəstəklədiyini bildirib.

Barak Obamanın bəyanatını dərc etməzdən əvvəl ABŞ-ın hazırkı prezidenti, onun rəhbərliyi dövründə vitse-prezident olmuş Co Baydenlə məsləhətləşdiyi məlum deyil.

Obama 2009-2017-ci illərdə ABŞ prezidenti olub.