Analitiklərin fikrincə, İsrail və HƏMAS arasında davam edən zorakılıq Hindistandan Yaxın Şərqdən keçərək Avropaya yeni ticarət yolunun tikintisi üçün iddialı təşəbbüsün qarşısında duran çətinlikdir.
Keçən ay Hindistanda keçirilən 20-lik sammitində elan edilən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi və ya IMEC müasir dövrün ədviyyat marşrutu və Çinin Bir Kəmər və Yol Təşəbbüsünə alternativ kimi qiymətləndirilir.
Bu, ABŞ, Avropa İttifaqı və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Dəhliz BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniyanı İsrailin Aralıq dənizindəki Hayfa limanına birləşdirən dəmir yolu və gəmiçilik şəbəkəsinin yaradılması məqsədi daşıyır. Daha sonra mallar Süveyş kanalından yan keçməklə Avropaya göndərilə bilər. Lakin İsrail oktyabrın 7-də HƏMAS yaraqlılarının hücumuna cavab olaraq Qəzzaya zərbələr endirdiyindən, münaqişə Qəzzadakı beş müharibənin ən ölümcül müharibəsinə çevrildiyindən bölgə qeyri-sabitliyə qərq olub.
Layihənin Yaxın Şərqin ən qeyri-sabit bölgələrindən keçməsini nəzərdə tutduğuna diqqət çəkən analitiklər müharibənin IMEC-in qarşı-qarşıya qalacağı problemlərin miqyası ilə bağlı “oyanış” çağırışı olduğunu deyir.
Vaşinqtondakı Wilson Mərkəzindəki Cənubi Asiya İnstitutunun direktoru Maykl Kugelman Amerikanın Səsinə elektron poçtla göndərdiyi şərhdə deyib: “Yeni müharibə yeni dəhlizin tikintisinin nə qədər çətin olacağına dair faciəvi xatırlatmadır. Bu, təkcə problemlərin maliyyələşdirilməsi məsələsi deyil, həm də sabitlik və diplomatik əməkdaşlıq məsələsidir. Müharibə bu şərtlərin çətin olaraq qaldığını açıq şəkildə göstərir”.
Layihə elan edildikdə, Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması irəliləyirdi və bunun Yaxın Şərqdə uzun müddətdir davam edən rəqabəti dəyişdirə biləcəyinə ümidlər var idi. Səudiyyə Ərəbistanı ilə İsrail arasında etibarlı əlaqə layihənin mühüm elementidir. İsrail və Səudiyyə Ərəbistanı arasında razılaşma ABŞ-ın vasitəçiliyi ilə İsrailin 2020-ci ildə üç ərəb ölkəsi ilə diplomatik əlaqələr qurmasını nəzərdə tutan Abraam Razılaşmasından sonra olacaqdı.
Analitiklərin fikrincə, Qərbin dəstəklədiyi dəhliz sadəcə ticarət yolu kimi nəzərdə tutulmayıb, onun geosiyasi motivləri var idi. Bu, Yaxın Şərqdə təsiri artan Çinə qarşı bir vasitə kimi qiymətləndirilir.
Kugelmanın sözlərinə görə, o, həmçinin İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrin normallaşdırılması üçün inam və siyasi kapital yaratmaq məqsədi daşıyır. Lakin o, planın hələlik baş tumayacağını, lakin bunun daha sonra həyata tətbiq ediləcəyini deyib.
Yeni Dehli üçün yeni ticarət marşrutu daşıma xərclərini azaldacaq, Yaxın Şərq və Avropa bazarlarına çıxışı sürətləndirəcək.
Hindistanın Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İsrail kimi ölkələrlə əlaqələri son illərdə əhəmiyyətli dərəcədə yaxınlaşıb. Bu ölkələrlə ticarət artır, Avropa İttifaqı isə onun üçüncü ən böyük ticarət tərəfdaşıdır.
Mövcud münaqişə baş verərkən Yeni Dehli həm İsrail, həm də fələstinlilərlə əlaqə saxlayır.
Baş nazir Modi İsraillə həmrəylik nümayişində HƏMAS-ın hücumunu terror hücumu kimi pisləyib. Hindistan da müstəqil Fələstin dövlətinin yaradılmasına uzunmüddətli dəstəyini təkrarlayıb və Qəzzaya humanitar yardım göndərib.
Lakin Yeni Dehli ərəb ölkələri və İsraillə əlaqələrində tarazlıq yarada bilsə belə, layihənin gələcəyi region ölkələri arasında münasibətlərin necə formalaşacağından asılıdır.