Oktyabrın 24-də səhər saatlarında ictimai fəal Əmrah Təhməzovun evinə mülki geyimli polisin gəldiyi bildirilir. Fəal deyir ki, gələnlərə qaldığı həyət evində qapını açmadıqdan sonra onlar evə girmək üçün hasarı aşıblar.
"Səhər tezdən Bərdədə həyətimizin darvazası möhkəm döyüldü. Qapının səsinə yuxudan ayıldım. Tez həyətə qaçanda səslərindən bildim ki, polislər gəlib, qapını dayanmadan döyürlər. Cəld şəkildə həyətin arxasından divardan aşıb qaçanda gördüm ki, onlar da divardan aşıb qapını açıb həyətə soxuldular. Güc-bəla ilə qaçıb canımı qurtardım", o deyib.
Təhməzov təqib edildiyini və həbs təhlükəsinin olduğunu bildirib.
"Bütün dostlardan xahiş edirəm mənə dəstək olun. Bunlar məni təqib edib ya narkotik, ya adam bıçaqlama, ya da başqa nəsə ilə şərləmək istəyirlər. Dəstəyinizə çox ehtiyacım var dostlar" - deyə, fəal qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.
Təhməzov oktyabrın 20-də azadlığa buraxılıb. Azadlığa buraxılandan sonra o, Bərdə Rayon Polis İdarəsinin saxlama yerinin şəraiti barədə danışıb.
Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə 30 sutka inzibati həbs cəzası alıb.
İctimai fəal Əmrah Təhməzov bu ilin may ayında da 30 sutka inzibati həbs cəzası alıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.
Təhməzov o zamankı həbsinin səbəbinin hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığı tənqidi statusun olduğunu deyib.