Ginnes rekordlar kitabına düşmüş dünyanın ən yaşlı iti Bobi 31 yaşında Portuqaliyada vəfat edib.
Bütün həyatını Portuqaliyanın mərkəzində bir kənddə keçirən saf cins Rafeiro Alentejano Bobi 31 il 165 gün yaşayıb. O, 1939-cu ildən bəri avstraliyalı mal-qara itinin 29 il 5 aylıq ölüm rekordunu qırıb.
Bobi ilə bir neçə dəfə görüşən və sosial mediada ölümünü ilk elan edən baytar həkim Karen Bekker "tarixdəki hər itdən çox yaşamasına baxmayaraq, onun yer üzündəki 11478 günü onu sevənlər üçün heç vaxt kifayət etməyəcək" deyib.
O, bu ilin fevralında dünyanın ən yaşlı iti elan edilib.
Ənənəvi olaraq çoban iti kimi istifadə edilən Bobi cinsinin ömrü adətən 12-14 ildir. Onun sahibi Leonel Kosta uzunömürlülüyünü bir sıra amillərlə, o cümlədən kənd yerlərində dinc yaşaması, heç vaxt zəncirlənməməsi və ya bağında saxlanmaması və həmişə “insan yeməyi” yeməsi ilə əlaqələndirib.
Bobi anadan olanda Kostanın ailəsində çoxlu heyvan və az pul var idi, ona görə də ovçu olan atası yeni doğulmuş balalarını saxlamaq əvəzinə, onları basdırırdı.
Lakin Bobi odun yığını arasında gizlənir. Kosta və bacıları onu bir neçə gündən sonra tapır və bala gözlərini açana qədər onu gizli saxlayır.
"Biz bilirdik ki, o, gözlərini açanda valideynlərim onu basdıra bilməyəcəklər" - deyə, Kosta bu ilin əvvəlində Reuters agentliyinə deyib.
Ölümündən əvvəl Bobi hələ də gəzintiləri sevirdi, lakin daha az macəraçı idi. Tükləri seyrəlmişdi, görmə qabiliyyəti pisləşmişdi və əvvəlkindən daha çox dincəlməli olurdu.
Daha əvvəl Bobinin hekayəsini "möcüzəli" adlandıran Ginnes rekordlar kitabı "onun üçün çox darıxılacaq" deyib.
May ayında onun 31-ci ad günü şənliyinə 100-dən çox adam qatılmışdı.