Oktyabrın 15-də sosial mediada, Təbrizdə ağlayan və İranın dini lideri Əli Xameneyi əleyhinə şüarlar səsləndirən qızın video-görüntüləri yayımlanıb. İlk günlərdə etirazçı qadının kimliyi məlum olmadığı üçün sosial mediada "Təbrizin qızı" adı ilə viral olub.
Bəzi mənbələr və hüquq müdafiəçiləri onun adının Röya Zəkiri olduğunu bildirib. Bildirilib ki, o, məcburi hicaba riayət etmədiyi üçün hicaba nəzarət edən qüvvələr tərəfindən döyülüb. O isə küçədə dəfələrlə hökumətə etiraz şüarları səsləndirib. Yayılan videolarda o, dəfələrlə "Xamneyiyə ölüm"və "diktatora ölüm" şüarları səsləndirir və deyir ki, "mən öz evimdə təhlükəsiz deyiləm."
Vəkil və hüquq müdafiəçisi Sina Yusifi Röya Zəkiri ilə bağlı X hesabında yazıb ki, o, ötən il İranda keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbriz mərkəzi həbsxanasında bir müddət aclıq aksiyası keçirmişdi.
Azərbaycanlı siyasi fəal Duman Radmehr isə, Instagram səhifəsində Röya Zakirinin 31 yaşında olduğunu və Təbrizin Münəccim küçəsində kəşfiyyat polisi tərəfindən döyülərək həmin şəhərin nevroloji xəstələrə özəl Razi Xəstəxanasına aparıldığını yazıb.
Duman Radmehrin həbs edilən qadının haqqında yazdıqlarına görə, Röya Zəkiri əslən Mərənd şəhərindən olub və kompüter mühəndisliyi üzrə magistr dərəcəsini bitirib.
Dünən Sina Yusifi X hesabında bu qızın xəstəxanadan Təbriz Kəşfiyyat İdarəsinə köçürüldüyünü açıqlayıb.
Vəkilin bildirdiyinə görə, Oktyabrın 22-də, prokurorun göstərişi ilə xəstəxanadan Təbriz Kəşfiyyat İdarəsinə köçürülüb. Röya Zakiri ötən il ümummilli etiraz aksiyaları fonunda həbs olunduğu üçün işə qəbul və sosial hüquqlardan məhrum edilib.
Hazırda Röya Zakirinin Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanıldığı bildirilir.
Bununla belə, İran mediası, bu qızın ruhi xəstə olduğunu irəli sürürlər. Şərqi Azərbaycan Polisi isə bəyanat verərək, onun "əqli xəstəlik tarixçəsi olduğunu" iddia edib.
İran İslam Respublikasının rəsmi xəbər agentliyi İRNA, Röya Zəkiri ilə bağlı sosial şəbəkələrdə dərc olunan xəbər və videolara reaksiya verib. İRNA, Şərqi Azərbaycan Polis İnformasiya Mərkəzinin yaydığı bəyanata istinad edərək, “inqilab əleyhdarı” medianın həmin qadının "ruhi xəstəliyindən sui-istifadə etdiyini" iddia edib.
Sina Yusifi bu barədə X hesabında yazıb ki, "şüurlu şəkildə belə qışqıran şəxs ruhi xəstə deyil, bu vətəndaş cəmiyyətinin şüurlu fəryadıdır."