İran Azərbaycanında həftələrdir mühakimə olunmadan nəzarətdə saxlanılan siyasi fəallara dəstək üçün müxtəlif şəhərlərdə dəstək kampaniyaları təşkil olunur.
Kampaniyaların davamında həftə sonu Təbriz stadionunda Traktor komandasının azarkeşləri şüarlar səsləndirib plakatlar nümayiş etdirərək, həbsdə olan siyasi fəallara dəstək bildiriblər.
Hüquq müdafiə qruplarının yaydığı bir görüntüdə şənbə günü Təbriz stadionunda Traktor və Şəms komandaları arasındakı matçı izləyən bir qrup azarkeşin "Azərbaycan Milli Hərəkətinin fəallarını azad edin!" yazılı bir plakat nümayiş etdikləri görünür.
SEE ALSO: Mahmud Bilgin: Təbrizdə saxlanılan fəalların nəzarət müddəti saxta etiraf almaq üçün uzadılırHəftə sonu həmçinin Şərqi Azərbaycan vilayətinin Nadarlı qəsəbəsində bəzi siyasi məhbusların şəkilləri küçələrə asılıb. Həmin qəsəbədən olan Murtuz Nurməhəmmədi Nadarlı da hazırda həbsdə olan türk fəallar arasındadır.
Peyman İbrahimi, Murtuz Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi və İbrahim Əvəzzadə kimi fəalların nəzarət müddəti həftələr öncə saxlanıldıqdan bəri bir neçə dəfə uzadılıb.