ABŞ Amerika vətəndaşlarına İraqa səfər etməməyi tövsiyə edib

Arxiv fotosu - İraqın Anbar vilayətindi Ayn Əl-Əsəd hərbi hava qüvvələri bazasında amerikalı əsgərlərin hərbi maşınları.

ABŞ Dövlət Departamenti Yaxın Şərq regionunda Amerika hərbçilərinə və şəxsi heyətə qarşı son hücumlardan sonra Amerika vətəndaşlarına İraqa səfər etməməyi tövsiyə edib.

“Terrorizm, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və İraqdakı diplomatik missiyanın ABŞ vətəndaşlarına dəstək göstərmək imkanlarının məhdudluğu səbəbindən İraqa səfər etməyin”, Dövlət Departamentinin oktyabrın 22-də açıqladığı səyahət xəbərdarlığında deyilir.

Qəzza zolağında İsrail və HƏMAS militantları arasında qarşıdurmadan sonra İraq və Suriyada ABŞ hərbçilərinə qarşı hücumların artması müşahidə olunur.

Keçən həftə ABŞ hərbi gəmisi Yəməndən İranın dəstəklədiyi husilər tərəfindən atılan ondan çox dron və dörd qanadlı raketi vurub.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Amerika personalının təhlükəsizliyinə və ABŞ-ın maraqlarına qarşı artan təhdidlər səbəbilə ailə üzvlərinin və ABŞ hökumətinin bəzi işçilərinin ABŞ-ın Bağdaddakı səfirliyi və Ərbildəki Baş Konsulluğundan çıxarılması barədə qərar qəbul edilib.

“Təhlükəsizlik məqsədilə Bağdadda olan ABŞ hökumətinin əməkdaşlarına Bağdad beynəlxalq hava limanından istifadə etməmək tövsiyə edilib”, Dövlət Departamenti bildirib.

Reuters xəbər agentliyi hərbi mənbələrə istinadən İraqın qərbində ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn Əl-Əsəd hava bazasının raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alındığı və baza daxilində partlayış səslərinin eşidildiyi haqda məlumat verib.

Şənbə günü bazanın müdafiə sistemləri baza yaxınlığında iki pilotsuz təyyarəni ələ keçirərək vurub.

Birləşmiş Ştatlar son həftələrdə Yaxın Şərqə iki təyyarədaşıyan gəmi və təxminən 2000 dəniz piyadası da daxil olmaqla əhəmiyyətli səviyyədə hərbi dəniz qüvvələri göndərib.

Pentaqon şənbə günü bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqə THAAD raketdən müdafiə sistemi və əlavə Patriot zenit-raket kompleksləri batalyonları göndərəcək.