Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində və başqa təşkilatlarda çalışmış keçmiş diplomat Emin İbrahimov inzibati həbs müddəti başa çatdığına görə azadlığa buraxılıb.
Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib:
"Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər. Ölkədəki hazırkı eyforiya dumanı hüquqları daha da məhdudlaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə olunur. Həm daxili, həm də xarici siyasət əl-ələ verərək ilk növbədə ən ali məqsədə - rejimin saxlanması məqsədinə xidmət edir. Bunların strateji kursu ölkəni daha da qaranlığa aparır. Hər keçən il hüquqlarımızın daha da məhdudlaşdırılması mənim uydurmam deyil, faktdır. İrticadan başqa bir şey gözləmək mümkün də deyil".
Keçmiş diplomata sentyabrın 20-də 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.
Sentyabrın 20-də ictimai fəallar Nemət Abbasov və Əmrah Təhməzovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilir. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Bundan əlavə, sentyabrın 21-də jurnalist Nurlan Qəhrəmanlıya (Libre) 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist zorakılıq gördüyünü bildirib.
Həmin ərəfədə müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığını, orada 4 saata yaxın dindirildiyini deyib.
Aidiyyəti qurumlar iddialarla bağlı açıqlama verməyib.