Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğanbank"ın lisenziyası ləğv edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumatda deyilir ki, buna səbəb bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır.
Mərkəzi Bankın məlumatına görə, "Muğanbank"ın lisenziyası "Banklar haqqında" qanunun maddələrinə əsasən ləğv olunub.
"Banka müvəqqəti inzibatçı təyin edilib və kredit təşkilatının müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. "Muğanbank"ın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib", məlumatda deyilir.
Məlumatda deyilir ki, "Muğanbank"ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə 1,3 faiz təşkil edir.
Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
"Muğanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 faizi kompensasiya alacaq", məlumatda qeyd edilir.
"Muğanbank" ASC 1992-ci ildə qapalı səhmdar cəmiyyəti kimi təsis edilib və 2005-ci ildə açıq səhmdar cəmiyyəti kimi yenidən qeydiyyatdan keçib.
Bu, 2023-cu ildə Azərbaycanda lisenziyası ləğv edilən ilk bank deyil. Bundan əvvəl, mayın 17-də Mərkəzi Bank "Günaybank"ın bağlanması barədə qərar qəbul edib.
Dünyada 2014-2015-ci illərdə neftin kəskin ucuzlaşmasından bəri Azərbaycanda bır sıra banklar ləğv edilib. Həmin banklarda sığortalanmayan əmanətlərin indiyə kimi yalnız cüzi hissəsinin qaytarıldığı bildirilir.
Bundan əlavə Azərbaycan Mərkəzi Bankı dəfələrlə bildirib ki, ölkədə bank və maliyyə sektorunda rəqabətlilik mühiti mövcuddur. Bu sahə biznes qurumları üçün açıqdır.
İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Azərbaycanda zaman-zaman zəif banklar sıradan çıxır və bu sonuncu olmayacaq.
"Bunun təbii tərəfləri də var. Bu odur ki, kiçik banklar bazarda rəqabətə dözə bilmir və onların göstəriciləri zəiflədikcə, problemlər yarandıqca lisenziyaları geri alınır. Amma digər tərəfdən də bu periodik olaraq tez-tez təkrarlandıqda vətəndaşlarda da banklara olan güvənin zədələnməsi baş verir və problemlər yaranır, bank sektoruna güvən azalır", o bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, əsas problem odur ki, Azərbaycanda təqribən beş böyük bank bazarın 80 faizinə nəzarət edir.
"Kiçik bankların belə bir şəraitdə fəaliyyət göstərməsi çox çətindir, və getdikcə kiçik bankların sıradan çıxması mümkündür. Əsas bankların sayı deyil, əsas odur ki, hamı üçün bərabər şərait yaransın, rəqabətli mühit formalaşsın və nəticə etibarı ilə kiçik bankların da bazar payı alması mümkün olsun. Əsas problem budur", iqtisadçı deyib.
İqtisadçı hesab edir ki, bankların bağlanmasının iqitisadiyyata böyük bir təsiri olmasa da, ümumi ab-havaya mənfi təsir göstərirlər.