İslam Əməkdaşlıq Təşkilatı İsrail-Fələstin münaqişə zonasında baş verənləri müzakirə edir

Oktyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr müzakirə edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov müzakirələrdə iştirak etmək üçün Ciddə şəhərinə səfər edib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri bildirib ki, İsrailin HƏMAS-ın hücumunun başlamasından sonra hava zərbələrini həyata keçirməsindən bəri Qəzzada minlərlə insan ölüb, 10 000-dən çox insan yaralanıb.