Azərbaycan-Türkiyə birgə taktiki təlim keçirəcək

Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilir (Foto:Azərbaycan Müdafiə Nazirliyi)

Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda keçiriləcək birgə taktiki təlim Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Məlumatda deyilir ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin, Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki ölkənin birgə təlimi 23-25 oktyabr tarixlərində keçiriləcək.

İki il əvvəl iyunun 15-də Şuşa şəhərində (Bakıdan 430 kilometr cənub-qərb) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.

Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.

Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.

Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi ittifaq daha da güclənəcək.

“Müharibə və ondan sonrakı dövrdə Azərbaycanla Türkiyə arasında hərbi strateji müttəfiqlik daha da artıb. Bunu artıq Rusiya da qəbul edir”, Elxan Şahinoğlu bildirib.