18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
32 əvvəl, 1991-ci il oktyabrın 18-də Ali Sovet (parlament) “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycanın Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Qanuna görə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına səs verən deputatlardan, milli azadlıq hərəkatının liderlərindən Etibar Məmmədov Amerikanın Səsinə bildirib ki, konstitusiya aktının əsas hədəfi ölkədə müstəqilliyin bərpası, milli dövlətin qurulması, hüquqi və demokratiik idarəetmənin yaradılmasıdır.
Your browser doesn’t support HTML5
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun və çətin də olsa ərazisi üzərində tam suverenliyini bərpa etdi. İndi də bu proses daimi və fasiləsiz şəkildə həyata keçirilməkdədir”, o qeyd edib.
Məmmədovun dediyinə görə, konstitusiya aktına onun rəhbərlik etdiyi Milli İstiqlal Partiyasının təklifi ilə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi prinsipi salınıb.
“Varislik prinsipi ondan ibarətdir ki, Azərbaycan Respublikası hüquqi, dünyəvi və demokratik dövlət olmalıdır. Onun həyata keçirilməsi daimi davam edən bir prosesdir. Mənim fikrimcə bu ideyalar çətinliklə olsa da həyata keçirilir. Həyata keçirilən hissəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır”, Məmmədov qeyd edib.
Demokratik və hüquqi idarəetməyə gəlincə Məmmədov deyib ki, hazırki hakimiyyət həmin ideyaları tam həyata keçirməsə də “ilk öncə Azərbaycan dünyəvi dövlətdir”.
“Azərbaycanın konstitusiyası qəbul edilib və idarəetməni həyata keçirmək üçün qanunlar qəbul edilir. Qalır qanunların işləməsi, real həyatada qüvvəsini saxlaması, qanunların pozulmaması, vətəhndaş hüquqlarının təmin edilməsi. Bunlar hələ tam yerinə yetirilməyib. Amma, bu istiqamətdə tam özbaşınalıq da yoxdur”.
Etibar Məmmədov ölkədə demokratik seçkilərin keçirilməsi baxımından vəziyyətin “çox ağır” olduğunu bildirib.
“Azərbaycanda qanuni və ədalətli seçkilərin keçirilməsinə ehtiyac var. Fikrimcə, seçki qanunvericiliyində ciddi dəyişiklik olmalıdır. Seçkinin həyata keçirilməsi təmsilçilik hüququnu təmin etməlidir. Hazırki seçki sistemi təmsilçilik hüququnu təmin etmir. Parlamentə seçilmiş insanlar da nə əhalini təmsil edə bilir, həm də onların təmsilçilik hüquqları tam məhdudlaşdırılıb. Yəni parlamentarizmin ciddi islahatlara ehtiyacı var”, o belə hesab edir.
Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə demokratik və hüquqi idarəetmə sisteminin formlaşdığını bəyan edir. Beynəlxalq tənqidlərə də baxmayaraq Azərbaycan hökuməti ölkədə seçkilərin demokratik, ədalətlilik və bərabərlik əsasında keçirildiyini bildirir.