Zelenski Ukrayna hərbi qüvvələrinin ABŞ-ın ATACMS raketlərindən istifadə etdiyini təsdiqləyib

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna hərbi qüvvələrinin ABŞ-ın verdiyi ATACMS uzaqmənzilli raketlərdən istifadə etdiyini bildirib.

Kyiv raketlərin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində Rusiyanın təchizat xətləri, hava bazaları və dəmir yolu şəbəkələrinə zərbə endirmək qabiliyyətini gücləndirəcəyinə ümid edərək, ABŞ administrasiyasına dəfələrlə ATACMS raketlərinin təchiz edilməsi ilə bağlı müraciət edib.

“Bu gün ABŞ-a xüsusi təşəkkür edirəm. Prezident Baydenlə razılaşmalarımız reallaşır. Onlar çox dəqiq şəkildə həyata keçirilir. ATACMS özlərini göstərir”, Zelenski axşam çıxışında deyib.

Bu, 306 km radiusa malik olan ATACMS raketlərindən Ukraynada istifadə edilməsinə dair ilk rəsmi təsdiqdir.

Amerikanın Səsinə adının açıqlanmaması şərti ilə danışan ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar gizli şəkildə Ukraynaya ATACMS raketlərinin maksimum radiusu təxminən 170 kilometr olan az miqdarda köhnə versiyasını verib.

ATACMS raketləri Bayden administrasiyasının əvvəlcə Ukraynaya verməkdən imtina etdiyi, lakin sonradan fikrini dəyişdiyi bir sıra silah növləri arasındadır. Kyiv artıq bir ildən çoxdur ki, silah sisteminin verilməsi ilə bağlı müraciət edir.

Uzaq mənzilli raketlərlə bağlı xəbərlər ABŞ-ın Ukraynaya Pentaqonun bildirdiyinə görə, AIM-9 Sidewinder raketləri, kimi hava hücumundan müdafiə silahları, HIMARS üçün artilleriya mərmiləri, TOW tank əleyhinə raketlər və 155 və 105 mm-lik mərmilərin da daxil olduğu 200 milyon dollara qədər əlavə hərbi yardım ayırmasından bir həftədən az bir müddət sonra verilir.