ABŞ prezidenti 18 oktyabr tarixində İsrailə səfər edəcək. Bu barədə Netanyahu ilə uzun sürən danışıqlardan sonra Qüdsdə çıxış edən ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.
“O bura İsrail, region və dünya üçün kritik bir məqamda gəlir” deyən dövlət katibi əlavə edib ki, prezident Baydenin səfərinin məqsədi İsrail ilə həmrəyliyi və ölkənin təhlükəsizliyinə ABŞ-ın öhdəliyini ifadə etməkdir.
“Prezident Bayden aydın şəkildə ifadə edəcək ki, İsrailin özünü müdafiə etmək hüququ və vəzifəsi var”, deyə Blinken deyib.
Dövlət katibinin elanından sonra ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Direktoru Con Kirbi mətbuata məlumat verib ki, prezident Bayden səfər zamanı İsrail rəsmiləri ilə görüşərək, onların nəyə ehtiyac duyduğunu öyrənəcək. Kirbi əlavə edib ki, prezident görüşlərində humanitar yardımı da müzakirə edəcək.
Kirbi həmçinin bildirib ki, İsrailə səfərdən sonra ABŞ prezidenti Ammana səfər edərək, İordaniya kralı Abdullah, Misir prezidenti Sisi və Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşəcək.