İranın ən görkəmli film rejissorlarından biri olan Dariuş Mehrcui Tehran cıvarındakı evində xanımı ilə birlikdə bıçaqlanaraq öldürülüb.
Əyalət ədliyyəsinin rəhbəri deyib ki, Mehrcui və xanımı Vahidə Məhəmmədifər “boyunlarından bıçaq yarası alıblar.”
Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli-Harikəndi deyib ki, axşam saat 9 radələrində Mehrcui qızı Monaya mesaj yazaraq onu Tehranın qərbindəki Kərəc şəhərindəki evinə nahara dəvət edib.
Lakin qızı saat yarım sonra evə yetişəndə valideynlərinin qətlə yetirildiyini aşkar edib.
Polis evə zorakılqıla daxil olma əlamətləri qeydə almayıb. Belə ki, qapıda heç bir dağıntı əlamətləri olmayıb. Eyni zamanda polis evdə qatil izlərinin olduğunu aşkarlayıb.
İSNA xəbər agentliyi dörd nəfərin şübhəli qismində müəyyənləşdirildiyini və onlardan ikisinin artıq həbs olunduğunu bildirib.
İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmayili Mehrcuini “İran sinemasının pionerlərindən biri” adlandırıb.
1939-cu ildə Tehran anadan olmuş Mehrcui 1967-ci ildə vətənə dönməzdən öncə Birləşmiş Ştatlarda fəlsəfə üzrə təhsil alıb.
83 yaşlı rejissor İranda yeni film yaradıcılığı dalğasının aktiv iştirakçılarından olaraq 1969-cu ildə “İnək” filmini çəkib.
1979-cu ildə İranda Ayətulla Xomeyni və onun tərəfdarları hakimiyyətə gəldikdən sonra beş il mühacirətdə yaşayan Mehrcui daha sonra vətənə qayıdaraq burada çox sayda uğurlu filmlərə imza atıb.
Mehrcuinin nəzərində film "poeziya kimi heç kimin tərəfini tutmamalıdır" və o, daim təkid edirdi ki, "incəsənət təbliğat alətinə çevrilməməlidir."