İctimai fəal 30 sutka həbs edilib

Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi.

İctimai fəal Emin Axundov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə Amerikanın Səsinə onun yaxınları bildirib.

Ailəsinin dediyinə görə, oktyabrın 14-də Binəqədi rayonunun 5-ci polis bölməsinə çağırıblar. Bölməyə çağrılmasının səbəbi kimi yaxınları onun internetdə kimisə söyməsi olub.

Fəal məhkəmənin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələrilə təqsirli bilinib.

Yaxınları Axundova verilən bu ittihamları rədd edərək, onu sosial şəbəkələrdəki yazılarına görə həbs edildiyini deyirlər.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Azərbaycanın hüquq müdafiəçiləri son zamanlar yeni həbslərdən narahat olduqlarını bildirirlər.

Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi Bəşir Süleymanlı deyir ki, siyasi hakimiyyət alternativ fikirlərə dözümlü yanaşa bilmir.

"Demokratiyanın göstəriciləri var. Bu sadəcə olaraq bizim şərhimiz deyil. Bu göstəricilər nədir? Müstəqil məhkəmə sistemi, müstəqil media, vətəndaş cəmiyyəti, siyasi partiyalar, təmsilçi parlament və s. Bütün bunlar demokratiyanın, siyasi plüralizmin göstəriciləridir. Bu gün Azərbaycanda bunlardan hansı qaydalara cavab verir? Vətəndaş cəmiyyəti 2014-cü ildən dağıdılıb. Hələ də “ayağa qalxa”bilmir. Qanunvericiliklə fəaliyyəti məhdudlaşdırılıb. Media ilə bağlı qanun qəbul etdilər və reyestri gətirdilər. Bu da fəaliyyəti məhdudlaşdırmağa yönəlib. Ümumilikdə biz mühiti dəyərləndirərkən ölkədə demokratiyanın göstəricisinin heç biri işləmir"o deyib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub. İnsanların internetə tam sərbəst çıxışı var və sosial şəbəkəlrdən istifadə ilə bağlı hər hansı qadağa mövcud deyil. Bununla yanaşı Azərbaycan beynəlxal azadlıq indeksində 170 ölkə sırasında 151-ci yerdədir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.