Bakıda İsraildə qətliam qurbanlarının xatirəsi yad edilib

Yəhudi İcması və Azərbaycan xalqı İsraildə son qətliam qurbanlarının xatirəsini birgə yad ediblər. (Foto: İsrailin Azərbaycandakı səfirliyi)

"Birlik və həmrəylik nümayişi olaraq yəhudi icmasının və Azərbaycan xalqının yüzlərlə nümayəndəsi Bakıdakı Dağ Yəhudiləri sinaqoquna gələrək İsraildə 1300-dən çox günahsız dinc sakinin həyatına son qoyan faciəvi HƏMAS terror aktına görə başsağlığı verib və öz dəstəklərini göstərib".

Bu barədə Amerikanın Səsinə İsrailin Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumata görə, çıxış edənlər qətiyyətli səslə bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayətləri şiddətlə pisləyiblər.

“Bu çətin anlarda biz İsraillə həmrəyik, sülh və insanlıq naminə birgə öhdəliyimizdə qətiyyətliyik”, Dağ Yəhudiləri İcmasının lideri Milix Yevdayev bildirib.

İsrail səfiri Corc Dik İsrailin "HƏMAS-ı məhv etmək" məqsədini açıqlayaraq bildirib ki, bu, uzun və çətin yol ola bilər.

“Ancaq bir şey dəqiqdir, bir şey danılmaz və qaçılmazdır: Biz qalib gələcəyik", səfir bildirib.

"Faciəli şəkildə həyatını itirən 1300 israillinin xatirəsini yad etmək üçün təsirli dua mərasimi keçirilib. Şamlar yandırılıb, həlak olanlar və onların kədərli ailə üzvləri üçün ürəkdən dualar oxunub. Bu qüdrətli məqam yəhudi icmasının və Azərbaycan xalqının bu ən qaranlıq günlərdə İsraillə yan-yana dayanaraq göstərdiyi həmrəyliyinin sübutudur", məlumatda deyilir.

Xatırlatma

Keçən həftə HƏMAS militantlarının hücumundan sonra İsraildə 1400-dən çox insan həlak olub. Bu barədə bazar günü İsrailin baş nazirinin ofisi məlumat yayıb.

Fələstin administrasiyasının səhiyyə orqanları bildiriblər ki, Qəzzada İsrailin cavab hücumları nəticəsində ölənlərin sayı 2450 nəfərə çatıb.