ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bazar günü bildirib ki, prezident Co Bayden bu həftə Konqreslə İsrail və Ukrayna üçün yeni yardım paketinin təsdiqlənməsi ilə bağlı intensiv danışıqlar aparacaq. Sallivanın CBS tele kanalında verdiyi müsahibədə bildirdiyinə görə, yardım paketinin dəyəri 2 milyard dollardan artıq olacaq.
Sallivan bildirib ki, yardım paketi “Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazım olan hərbi texnikanı və İsrailə terror təhlükəsi ilə mübarizədə özünümüdafiə üçün yardımı əhatə edəcək.”
ABŞ-ın Ukraynaya yardımı yeni fövqəladə xərclərə dair qanun layihəsi qəbul edilməsə, bir neçə həftə ərzində tükənəcək.
Birləşmiş Ştatlar Ukraynaya artıq 113 milyard dollar yardım ayırıb, lakin Nümayəndələr Palatasında əlavə dəstəyin göstərilməsindən narazı qalan respublikaçıların sayı artır. Bəziləri Rusiyanın Ukraynaya müdaxiləsinin “daimi müharibəyə” çevrilərək, ABŞ-ın resurslarını təzyiq altında qoya biləcəyindən ehtiyat edir.
ABŞ Konqresində Kevin Makkartinin vəzifəsindən kənarlaşdırılmasından sonra respublikaçıların hələ də Nümayəndələr Palatasına spiker seçə bilməməsi qanun layihəsinin qəbulunun gecikməsinə səbəb olub.
Milli təhlükəsizlik müşaviri Sullivan bundan öncə Ağ Evin Konqresi İsrailə hərbi yardım göstərməyə davam etməyə təşviq edəcəyini bildirib.
Prezident Co Bayden çərşənbə axşamı Ağ Evdə HƏMAS-ın İsrailə hücumu ilə bağlı verdiyi açıqlamada bildirib ki, “Birləşmiş Ştatlar İsrailin yanındadır”. ABŞ prezidenti HƏMAS-ın keçən həftə sonu İsrailə qarşı hücumundan sonra Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədilə Konqresi təcili tədbirlər görməyə çağıracağını deyib.
Sallivan CBS tele kanalına müsahibə zamanı ABŞ-ın Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədilə regiona təyyarədaşıyan gəmi göndərdiyini qeyd edib.
“Buna görə də prezident bu qədər sürətli və qətiyyətli hərəkət edərək, Aralıq dənizinin şərqinə bir təyyarədaşıyıcı göndərir, İran körfəzinə təyyarələr göndərir, çünki o, bu vəziyyətdən istifadə etməyə çalışacaq hər hansı bir ölkəyə və ya oyunçuya çox aydın mesaj göndərmək istəyir,” Sullivan bildirib.
ABŞ Müdafiə naziri Lloyd Austin şənbə günü “İsrailə qarşı düşmənçilik hərəkətlərini və ya HƏMAS-ın hücumundan sonra bu müharibəni genişləndirmək üçün hər hansı səyləri dayandırmaq üçün” ikinci təyyarədaşıyan gəminin Aralıq dənizinin şərqində yerləşdirildiyini elan edib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Körbi İsraildə münaqişənin Birləşmiş Ştatların diqqətini digər təhdidlərdən yayındırmayacağını bildirib.
“Birləşmiş Ştatların hansısa bir şəkildə diqqətinin yayınacağını düşünən hər bir ölkə yenidən düşünməlidir. Biz öz milli təhlükəsizlik maraqlarımız və dünyanın istənilən yerində müttəfiqlərimizin və tərəfdaşlarımızın maraqlarına diqqət göstərmək üçün kifayət qədər böyük, kifayət qədər qüdrətli, kifayət qədər güclü, iqtisadi cəhətdən kifayət qədər etibarlı ölkəyik,” Körbi qeyd edib.