HƏMAS-ın əsas dəstəkçisi olan İran xəbərdarlıq edib ki, İsrail və HƏMAS arasında münaqişənin Yaxın Şərqin regional müharibəsinə çevrilə biləcəyi qorxusu fonunda İsrail Tehranın müttəfiqlərindən "cavab ala bilər".
İsrail HƏMAS-ın şənbə günü sərhədyanı hücumuna cavab olaraq Qəzzadakı HƏMAS hədəflərinə 6000-dən çox bomba atıb. Oradakı səlahiyyətlilər cavab zərbələri nəticəsində 500-dən çoxu uşaq olmaqla, 1500-dən çox fələstinlinin öldürüldüyünü bildirib.
İsrail ordusu cümə günü Qəzzanın şimalındakı bütün mülki əhaliyə - 1 milyondan çox insana - gözlənilən qurudan işğaldan əvvəl sərhədə tank və qoşun yığdığı üçün 24 saat ərzində cənuba köçmələrini deyib.
Livanlı həmkarı ilə danışıqlar məqsədi ilə cümə axşamı Beyruta gedən İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Tehranın bölgədəki müttəfiqlərinin İsrailə qarşı hərəkətə keçə biləcəyi barədə xəbərdarlıq edib.
"Fələstin və Qəzzəyə qarşı hərbi cinayətlərin davam etdirilməsinə oxun qalan hissələri tərəfindən cavab veriləcək. Təbii ki, sionist varlıq və onun havadarları bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar", Əmirabdollahian deyib.
O əlavə edib ki, fələstinlilərin didərgin salınması, Qəzza zolağına su və elektrik enerjisinin kəsilməsi müharibə cinayətləri sayılır. İsrail HƏMAS tərəfindən qaçırılan bütün girovlar azad edilənə qədər Qəzzanın tam mühasirəsini saxlayacağını bildirib.
Əmirabdollahian hansı qrupların oxa aid olduğunu dəqiqləşdirməyib. Tehranın bölgədəki digər müttəfiqləri Suriya, İslami Cihad kimi Fələstin yaraqlı qrupları, Livanın Hizbullah silahlı qruplaşması və Yəməndəki Husi üsyançılarıdır.
"İsrail Qəzzaya qurudan müdaxilə etsə, məncə, İranın dəstəyini alan və İranın məqsədlərini paylaşan və İranın İsrailə qarşı düşmənçiliyini bölüşən digər qruplaşmaların da bu işə qarışa biləcəyindən əsl narahatlıq var", Vaşinqtondakı Stimson Mərkəzində Yaxın Şərq üzrə analitiki Barbara Slavin deyib.
Hizbullah HƏMAS-dan daha yaxşı silahlanıb. İsrail qüvvələri son günlər Hizbullah döyüşçüləri tərəfindən ara-sıra raket atəşinə tutulub və sərhədlərarası toqquşmalarda üç Hizbullah döyüşçüsü öldürülüb.
Vaşinqtondakı Demokratiyaları Müdafiə Fondunun analitiki Behnam Ben Taleblu deyib ki, Hizbullahın İsrailə qarşı istənilən hücumu İran tərəfindən koordinasiya olunacaq.
ABŞ Dövlət katibi Antoni Blinken münaqişənin yayılmasının qarşısını almaq üçün Yaxın Şərqdə səfərdədir. Blinken bu həftə İsrailə səfərindən sonra Kral II Abdullah və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşmək üçün cümə günü İordaniyaya gedib. Onun Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə də səfəri nəzərdə tutulub.