İsraildə həlak olan azərbaycanlıların sayı yeddiyə çatdı

İsrail ordusunun Qəzza Zolağına zərbələr endirdikdən sonra yaranan yanğın və tüstü (9 oktyabr, 2023)

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 7-yə çatıb .

Azərbaycan Xarici İşlər nazirliyi həlak olan 7 nəfərin siyahısını açıqlayıb.

Şamil Abbasov (İsrail vətəndaşı)

Emin Axundov (İsrail vətəndaşı)

İlkin Nəzərov (Azərbaycan vətəndaşı)

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)

Roman Gandel (İsrail vətəndaşı)

Eden Abdullayev (İsrail vətəndaşı)

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

Azərbaycanın İsraildəki səfirliyi növbəti dəfə bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

Müraciətdə "Israir Airlines" tərəfindən oktyabrın 15-i saat 17:45-də Təl-Əviv-Bakı istiqamətində olan uçuş üzrə biletlərin satışı elan edildiyi bildirilib.

Öz növbəsində Azərbaycanın İsraildəki Səfirliyi oktyabrın 11-də bu ölkədə olan Azərbyacan vətəndaşlarına müraciət edərək İsrail ərazisində müharibə şəraiti ilə əlaqərar ölkədaxili (əsasən cənubda və şimalda yerləşən ərazilrə) səfər etməməyi və yerli qurumların verdiyi təlimatlara uyğun hərəkət etməyi tövsiyə edib.

Bu barədə səfirliyin X (keçmiş Twitter) hesabında məlumat yayılıb.

“Daimi əsasda sığınacaqlara yaxın olmağınız məsləhət görülür. Təhlükə halları ilə bağlı real vaxt rejimində məlumat almaq üçün mobil telefonlara Red Alert, Tzofar kimi tətbiqlərin yüklənməsi vacibdir. Səfirliyin əlaqə vasitəsi: telaviv@mission.mfa.gov.az, telefon:+972503569582”, məlumatda qeyd edilir.

Səfirlik bildirir ki, hazırda İsrail hava limanlarından digər ölkələrə təyyarə reysləri təşkil edilir. Bilet əldə edilməsi üçün EL Al, Arkia, İsrair Airlines və digər hava yolları şirkətlərinin internet səhifələrini mütəmadi olaraq yoxlamağınız məsləhət görülür.

Məlumatda deyilir ki, İsrail Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, İsrail və İordaniya arasında quru sərhəd keçid məntəqələri də fəaliyyət göstərir.

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail oktyabrın 11-də cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS hücumunun başlamasından bir neçə saat sonra ilk zərbələrini həyata keçirməsindən bəri, çərşənbə günü Qəzzada ölənlərin sayının 1055 nəfərə yüksəldiyini, 5000-dən çox insanın yaralandığını bildirib.