Beynəlxalq Valyuta Fondu (BVF) açıqladığı son hesabatda Ermənistanın 2023-cü il üçün ümumi daxili məhsulunun 7 faiz olacağını proqnozlaşdırır. Azərbaycan üçün bu rəqəm 2.5 faiz, Gürcüstan üçünsə 6.2 faiz təşkil edir.
BVF-in 2024-cü il üçün iqtisadi artım proqnozunda da Ermənistan 5 faizlə Gürcüstanın 4.8 faizlik, Azərbaycanın 2.5 faizlik tempini üstələyir.
Ümumi daxili məhsul (ÜDM) il ərzində ölkə iqtisadiyyatında istehsal olunan bütün mal və xidmətlərin ümumi həcmini göstərən bazar qiymətidir.
Dünya İqtisadi Mənzərəsi adlanan hesabatda COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya hücumundan sonrakı periodda qlobal miqyasda iqtisadi dirçəlişin ləng getdiyi və regional fərqlənmələrin artıdğı vurğulanır.
Ümumilikdə qlobal iqtisadi artım tempinin 2022-ci ildə 3.5 faizdən 2023-cü ilə 3 faizə endiyi bildirilir. Bu rəqəmin 2024-cü ildə 2.9 faiz olacağı proznozlaşdırılır.
İnkişaf etmiş iqtisadiyyatlarda artım bu il 1.5 faizə düşüb. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 4 faiz civarında təxmin edilir.