Peskov: Qarabağda Rusiya sülhməramlıların gələcəyi Azərbaycan hökuməti ilə müzakirə olunacaq

Rusiya sülhməramlıları Azərbaycan-Ermənistan sərhədi yaxınlığında.

RİA xəbər agentliyinin yazdığına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov oktyabın 11-də mətbuat konfransında bildirib ki, Qarabağda yerləşən Rusiya sülhməramlılarının növbəti diskolkasiyası Ermənistanla müzakirə edilməyib, çünki sülhməramlı kontingent Azərbaycan ərazisində yerləşir.

"Xeyr, bu məsələ (Ermənistanla) müzakirə olunmayıb. İndi həqiqətən de-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədir. Bunu Ermənistanın baş naziri Paşinyan da tanıyır. Onların sonrakı qalma rejimi və bütün əlaqədar məsələlər üçün, əlbəttə ki, bu, Azərbaycan tərəfi ilə müzakirə olunacaq”, - Kreml nümayəndəsi Qarabağdan çıxarılacağı təqdirdə Rusiya sülhməramlılarının yerinin dəyişdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Rusiyanın sülhməramlı kontingenti 2020-ci ildə Azərbaycan və Ermənistan arasında davam edən 44 günlük müharibənin nəticısində əldə edilən atəşkəs razılaşmasına əsasən Qarabağ bölgəsində yerləşdirilib.

2023-cü il sentyabrın 19-da Azərbaycan 24 saatlıq hərbi əməliyyatdan sonra Qarabağda erməni sakinlərinin yaşadığı bölgədə nəzarətə yiyələnib.

Rəsmi Bakı Qarabağ ermənilərinin nümayəndələri ilə reinteqrasiya ilə bağlı danışıqlar apardığı bir müddətdə 100 mindən çox erməni sakinin Qarabağı tərk etdiyi bildirilir.

Son hadisələr 2025-ci ildə statusuna yenidən baxılmalı olan Rusiyanın sülhməramlı kontingentinin bölgədə qalıb-qalmayacağı ilə bağlı müzakirələri aktivləşdirib.