Okrtyabrın 11-də Yerevanda Ermənistan xarişi işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Bu barədə Ermənistan xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş haqda məlumatda deyilir ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə toxunan Ararat Mirzoyan “Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzlərin qarşısının alınmasının zəruriliyini” vurğulayıb.
ABŞ rəsmisi ilə görüş zamanı Dağlıq Qarabağdan köçmüş 100 000-dən çox erməninin hüquqları ilə bağlı fikir mübadiləsi aparıldığı əlavə edilib.
“Xarici işlər naziri Mirzoan Dağlıq Qarabağın faktiki olaraq etnik təmizləməyə məruz qaldığını vurğulayıb, O bildirib ki, 21-ci əsrdə Dağlıq Qarabağ əhalisinin öz doğma yurdundan kütləvi surətdə didərgin salınmasının qarşısının alınmaması beynəlxalq aktorların belə vəziyyətlərdə aydın addımlarının vacibliyinə bir daha dəlalət edir”, nazirliyin bəyanatında qeyd edilir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono oktyabrın 9-da Bakıda olub və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.
XİN mətbuat xidməti həmçinin Bayramovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verdiyini bildirir.
Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.
Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.
Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.