ABŞ Dövlət katibi Antoni Blinken oktyabrın 11-13 tarixlərində İsrailə və İordaniyaya səfər edəcək. Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, dövlət katibi Blinken İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün çərşənbə günü İsrailə səfər edəcək, bundan sonra isə ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirmək üçün İordaniyaya gedəcək.
Blinkenin səfəri həftə sonu HƏMAS-ın 1000-dən çox israillinin ölümü ilə nəticələnən görünməmiş hücumundan sonra İsraillə həmrəyliyin nümayiş etdirilməsi məqsədi daşıyır.
Metyu Millerin açıqladığı bəyanatda Blinkenin ABŞ-ın İsrail hökuməti və xalqı ilə həmrəyliyini bir daha təsdiq edəcəyi, həmçinin İsrailin təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirləri müzakirə edəcəyi və ABŞ-ın İsrailin özünümüdafiə hüququna davamlı dəstəyini vurğulayacağı bildirilir.
“Bu, həmrəylik və dəstək mesajı olacaq. O, əlbəttə, vəziyyət haqqında, onların üzləşdikləri, onların nəyə ehtiyacı olduğunu və onlara ən yaxşı şəkildə necə dəstək ola biləcəyimizi birbaşa İsrail liderlərindən eşitmək istəyir,” Miller Dövlət Departamentində brifinqdə bildirib.
“Sabah İsrailə gedəcəm, vəziyyətlə bağlı birbaşa İsrailli tərəfdaşlarımızla əlaqə saxlayacağam və bu terror hücumlarına qarşı onlara dəstək olmağa davam edə biləcəyimiz yollar haqqında danışacağam. İsrailə dəstəyimiz sarsılmazdır,” Blinken X səhifəsində paylaşdığı mesajda bildirib.
ABŞ prezidenti Co Bayden oktyabrın 10-da Ağ Evdə HƏMAS-ın İsrailə qarşı hücumları ilə bağlı açıqlamasında baş verənləri “xalis şər əməli” adlandırıb. Bayden bir daha Birləşmiş Ştatların İsrailə dəstəyini ifadə edib və HƏMAS-ın hücumlarını kəskin şəkildə pisləyib. ABŞ prezidenti İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb və Konqresi İsrailə dəstək üçün hərəkətə keçməyə çağıracağını deyib.
HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumu nəticəsində yüzlərlə israilli həyatını itirib, təxminən 2700 nəfər yaralanıb, 100-dən çox insan girov götürülüb.
İsrail hücumdan sonra Qəzza zolağına hava zərbələri endirib. Fələstin rəsmiləri hücumlarda ən azı 830 fələstinlinin öldüyünü və 4250 nəfərin yaralandığını bildirib.
Birləşmiş Millətlər Təşkilatı 180 mindən çox Qəzzalının evsiz qaldığını bildirib.