ABŞ prezidenti Co Bayden oktyabrın 10-da Ağ Evdə HƏMAS-ın İsrailə qarşı hücumları ilə bağlı açıqlamasında baş verənləri “xalis şər əməli” adlandırıb. Bu, Baydenin vəziyyətlə bağlı ikinci çıxışı olub.
ABŞ lideri bir daha Birləşmiş Ştatların İsrailə dəstəyini ifadə edib və HƏMAS-ın hücumlarını kəskin şəkildə pisləyib.
Bayden hücumlar zamanı 14 amerikalının həyatını itirdiyini deyib. O əlavə edib ki, Vaşinqton HƏMAS tərəfindən hazırda ABŞ vətəndaşlarının saxlanıldığından xəbərdardır.
Prezident İsrail və Amerika yəhudilərinə dəstək vəd edərək vurğulayıb ki, Amerika hər zaman olduğu kimi İsrailin demokratiyasının müdafiəsinə hazırdır.
“Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, İsrailin öz şəhərlərini və vətəndaşlarını qorumaq üçün həlledici vasitələri tükənməsin,” Bayden deyib.
ABŞ prezidenti İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb. Bayden ABŞ Konqresini İsrailə dəstək üçün hərəkətə keçməyə çağıracağını deyib.
“Konqres işə qayıdanda, biz onlardan bizim önəmli tərəfdaşlarımızın milli təhlükəsizlik təlabatlarını maliyyələşdirmək üçün təxirəsalınmaz ölçü götürmələrini istəyəcəyik. Bunun partiya və ya siyasətə dəxli yoxdur. Söhbət dünyamızın təhlükəsizlyindən, Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyindən gedir,” Bayden bildirib.
Prezident Bayden deyib ki, indi ABŞ-ın bir araya gəlməsinin vaxtıdır. Çıxışının sonunda Bayden bildirib: “Vəziyyətdən sui-istifadə etmək istəyənlərə səslənirəm: Bunu etməyin”.
İsrail Müdafiə Qüvvələrinə görə, HƏMAS-ın hücumları azı 900 israillinin ölümünə səbəb olub; təxminən 2700 nəfər yaralanıb; 100-dən çox insan HƏMAS-ın əsirliyindədir.
HƏMAS uzun müddətdir ki, ABŞ-ın terror təşkilatları siyahısına daxil edilib.
Fələstin Administrasiyasının Səhiyyə Nazirliyinin məlumatına görə, HƏMAS-ın idarə etdiyi Qəzza zolağında ölənlərin sayı ən azı 765 nəfərdir, lakin İsrailin Qəzza zolağına aviazərbələri davam etdikcə rəqəmlərin artacağı gözlənilir.
Bayden bazar Prezident Bayden Britaniya, Almaniya, İtaliya və Fransa liderləri ilə birgə HƏMAS və onun yaraqlılarının “dəhşətli terror aktlarını” pisləyən birgə bəyanat yayıb. Daha əvvəl bildirilmişdi ki, Bayden çıxış etməzdən əvvəl İsraildəki vəziyyətlə bağlı yeniləmə almaq və “növbəti addımlar üçün təlimat vermək” üçün milli təhlükəsizlik komandasının üzvləri ilə görüşəcək.
Prezident Bayden və vitse-prezident Kamala Harris İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamaın ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər. Ağ Evin danışıqlardan öncə açıqladığı bəyanatda “İsraili və günahsız insanları terrordan qorumaq üçün tərəfdaşlar və müttəfiqlərlə əlaqələndirilmiş səylərin müzakirə ediləcəyi” bildirilib.
Bazar günü müdafiə naziri Lloyd Ostin bildirib ki, ABŞ İsrail ordusunu əlavə avadanlıq və resurslar, o cümlədən sursatla təmin edəcək. O? həmçinin Aralıq dənizinin şərqinə aviadaşıyıcı zərbə qrupunun yerləşdirililəcəyini deyib.