X sosial media platformasında əfqan yaraqlı qrupunun müharibədə HƏMAS döyüşçülərinə qoşulmaq üçün bölgəyə səyahət etmək istədiyinə dair saxta paylaşımdan sonra Taliban iddiaları təkzib etmək məcburiyyətində qalıb.
Təhlilçilər deyir ki, bu, Talibanı çətin vəziyyətə salıb ki, HƏMAS-a aktiv dəstəkdən açıq şəkildə geri çəkilsin və ola bilsin ki, öz kadrlarından bəzilərini qəzəbləndirsin.
Daha sonra adını #Azad Fələstin olaraq dəyişdirən Taliban İctimaiyyətlə Əlaqələr Departamenti adlı sosial media hesabı şənbə günü Talibanın yaraqlı qrupla İsrail arasında davam edən döyüşlərdə HƏMAS-a qoşulmaq üçün İran, İraq və İordaniya ilə əlaqə saxladığını bildirib. 2,5 milyon dəfə baxılan yazı bəzi KİV-lər tərəfindən yayımlanıb.
Talibanın Dohadakı siyasi ofisinin rəhbəri Məhəmməd Suhail Şahin WhatsApp qrupunda bir qrup jurnalistə xəbərin qeyri-dəqiq olduğunu bildirib. “Doğru deyil” yazıb və əlavə edib: “Bunlar şayiədir, təsdiqlənmiş xəbərlər deyil”.
Talibanın sözçüsü Zabiullah Mücahid Amerikanın Səsinə deyib ki, Talibanın “Xarici İşlər Nazirliyi bəyanat yayıb və Talibanın mövqeyi eynidir”.
Taliban XİN-inin şənbə günü yaydığı bəyanatda deyilir ki, onlar "Qəzzada son hadisələri diqqətlə izləyirlər".
“İslam Əmirliyi Fələstin xalqının torpaq və müqəddəs yerlərin azadlığı uğrunda hər cür müdafiə və müqavimətini öz qanuni haqqı hesab edir” - deyə, bəyanatda əlavə edilib.
İsraillə HƏMAS arasında döyüşlər şənbə günü HƏMAS döyüşçülərinin Qəzza sərhədi boyunca hasar xəttini aşaraq İsrailin cənubundakı şəhərlərinə daxil olduqdan sonra başlayıb.
HƏMAS 2001-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirməsi münasibətilə Talibanı təbrik edən ilk qruplardan biri olub. O vaxtdan bəri hər iki qrup bir neçə dəfə görüş keçirib.
Vaşinqtondakı Hazırkı Dünya Münasibətləri İnstitutunun proqram direktoru Haşim Vəhdətyar Amerikanın Səsinə deyib ki, əvvəllər Twitter kimi tanınan X-dəki yazı Talibanı çətin vəziyyətə salıb.
Onun sözlərinə görə, Taliban “HƏMAS-a doğru meyl edir” və qrupa “siyasi, maddi-texniki və hərbi” dəstək verəcək. Yenə də bunu “ictimai olaraq elan etməyəcəklər. Taliban HƏMAS-a dəstəyini açıqlamayacaq, çünki Doha razılaşmasına əsasən, Taliban Əfqanıstandan ABŞ və onun müttəfiqləri məsələn, İsrailə qarşı hər hansı təhlükənin qarşısını almalıdır”.
Nebraska Universitetinin Əfqanıstan Araşdırmaları Mərkəzinin direktoru Şer Can Əhmədzai deyib ki, Taliban hərəkatının müharibədə iştirakı Doha razılaşmasını pozacaq.
“Taliban Fələstin-İsrail münaqişəsində iştirak etsə, bu, Doha razılaşmasının birbaşa pozulması kimi qiymətləndiriləcək. O əlavə edib ki, əgər Taliban Yaxın Şərq münaqişəsinə qarışsa, bu, görünməmiş bir hadisə olacaq.
BMT bildirir ki, Əfqanıstan dünyanın ən böyük humanitar böhranı ilə üz-üzədir. Belə ki, 28,3 milyondan çox insan və ya əhalinin üçdə ikisindən çoxu humanitar yardıma ehtiyac duyur.