Bayden terror hücumlarını pislədi, İsrailə möhkəm dəstəyini ifadə etdi

VAŞİNQTON - Prezident Co Bayden şənbə günü Həmasın İsrailə hücumunu qınayaraq buna heç bir əsas olmadığını bildirmiş və Birləşmiş Ştatların İsrailə möhkəm dəstəyini ifadə etmişdir.

“Situasiya inkişaf etdikcə heç kim yanılmasın,” Bayden deyib. “Birləşmiş Ştatlar İsrail dövləti ilə çiyin-çiyinə dayanır.

Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda danışdığını bildirib. Hücum baş verən vaxt Netanyahu bir çox israillilər və dünya boyu yəhudilər kimi bir həftə sürən Sukkot bayramının yekununu qeyd edirdi.

Bayden həmçinin İordaniya kralı və baş ABŞ təhlükəsizlik rəsmiləri ilə təmasda olduğunu vurğulayıb.

Şənbə günü militant fələstinli qrupun hücumu qütbləşmiş Amerika siyasətçiləri arasında nadir həmrəylik tonu yaradıb. Həm Respublikaçılar, həm də Demokratlar İsrailə dəstək ifadə ediblər.

Ağ Ev rəsmisi tarixi bir şəkildə Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin vəzifədən uzaqlaşdırıldığı və spiker postunun vakant qaldığı məqamda Konqresin İsraillə bağlı qanun qəbul etməsinin mürəkkəbliyini vurğulayıb.

Senatda Demokrat çoxluğun rəhbəri Çak Şumer və Respublikaçı azlığın rəhbəri Mitç Makkonnell Birləşmiş Ştatları və sivil dünyanı İsraillə həmrəylik nümayiş etdirməyə çağırıb.

Günorta çağı Ağ Evdə danışan Bayden Netanyahuya dəstəyini aydın şəkildə ifadə etdiyini bildirib.

"Biz İsrail hökumətinə və xalqına əlimizdən gələn köməyi əsirgəməyəcəyik," Bayden deyib. "Terrorizmə heç cür haqq qazandırmaq olmaz. İsrailin özünü və xalqını qorumaq ixtiyarı var."

Bayden İsrailə düşmən üçüncü hər hansı bir tərəfin vəziyyətdən sui-istifadə etməsinə qarşı xəbərdarlıq edib.