Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Azərbaycan Baş Prokurorluğunun birgə yaydığı məlumatda tanınmamış “Dağlıq Qarabağ Respublikasına” 2020-2023-cü illər arasında başçılıq etmiş Arayik Harutyunyanın hansı ittihamlarla cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.
Oktyabrın 3-də Xankəndidə həbs olunmuş Harutyunyan təcavüzkar müharibənin aparılması və terrorçuluqda ittiham olunur. Məlumatda bildirilir ki, Harutyunyan Azərbaycan qoşunlarına qarşı hərbi münaqişəyə cəlb etmək üçün muzdluların yığılması, təlimi və maliyyəşdirilməsində şübhəli bilinir.
Harutyunyanın vəkili və ya yaxınları Azərbaycan Prokuorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına münasibət bildirməyib.
Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan tərəfindən təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Eyni zamanda, Bakının Səbail rayon Məhkəməsi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri Bako Saakyan, Arkadi Qukasyan və “parlament”in keçmiş sədri David İşxanyan barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Səbail rayon Məhkəməsindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildiriblər ki, oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin təqdimatı əsasında hakim Ülviyyə Şükürovanın sədrliyi ilə Arkadi Qukasyan, hakim Azər Tağıyevin sədrliyi ilə Bako Saakyan və David İşxanyan barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.
Hər üç şəxs barəsində müharibə cinayətləri ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir.
Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 4-də Dağlıq Qarabağın liderləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, David İşxanyan, Ruben Vardanyan və başqalarının Azərbaycan tərəfindən həbsini “qətiyyətlə pisləyən” bəyanatla çıxış edib.
“Yüksək vəzifəli Azərbaycan rəsmilərinin Dağlıq Qarabağın nümayəndələri ilə dialoquna, onların Dağlıq Qarabağa qayıtmasına mane olmamağa hazır olduqları, regionda sülhün bərqərar olması barədə bəyanatlarına baxmayaraq Azərbaycanın hüquq-mühafizə orqanları özbaşına həbsləri davam etdirir”, sənəddə qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanın bu bəynatını pisləyən bəyanatla çıxış edib.
“Sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir”, sənəddə qeyd edilir.
Yerli medianın məlumatına görə, oktyabrın 3-də tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020) və Araik Arutyunyan (2020-2023), o cümlədən “Daşnakasutyun” partiyasının Qarabağ təmsilçisi və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan Azərbaycan Dövlət Təhlükəsiliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Bundan öncə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyan, keçmiş müdafiə nazirinin müavini Davit Manukyan və keçmiş müdafiə naziri Lyova Mnatsakanyan saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin terrorçuluq, terroru maliyələşdirmək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq və başqa ağır ittihamlar irəli sürülüb.
İlham Əliyev Olaf Şoltsla Brüssel formatında danışıqları dəstəklədiyini deyib
Almaniya Kansleri Olaf Şolts və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-i telefonda danışaraq bölgədə vəziyyəti və Azərbaycan-Ermənistan sülh danışıqları prosesini müzakirə ediblər.
Almaniya Kanslerinin mətbuat xidmətinin məlumatına görə, Olaf Şolts telefon danışığı zamanı hərbi gücdən istifadəyə qarşı olduğunu bildirib. Kansler həmçinin Almaniya hökumətinin Azərbaycan və Ermənistan arasında münaqişənin hər iki ölkənin ərazi bütövlüyü prinsipi əsasında danışıqlar yolu ilə həllinə və davamlı sülhə qətiyyətlə sadiq olduğunu vurğulayıb. Bu istiqamətdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səylərini dəstəklədiyini qeyd edib.
Qarabağdakı vəziyyət və hadisələrin inkişafı ilə bağlı mümkün maksimum şəffaflığın olmasının vacibliyini vurğulayan Olaf Şolts BMT missiyasının Qarabağa oktyabrın 1-də baş tutan səfərini ilkin müsbət addım kimi qiymətləndirib.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev həmsöhbəti ilə telefon müzakirəsində Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.
“Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib”, məlumatda qeyd edilir.
Əliyev həmçinin BMT Missiyasının Qarabağda “mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini” diqqətə çatdırıb.
Oktyabrın 5-i Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində liderlər arasında beştərəfli formatda növbəti görüşün keçirilməsi planlaşdırılsa da, Azərbaycan son anda görüşə qatılmaqdan imtina edib. Azərbaycanın iqtidara yaxın mediası imtinaya səbəb kimi rəsmi Bakının görüşdə Türkiyənin təmsil olunmasını istəməsi, amma Fransa və Almaniyanın buna etiraz etməsi, habelə Fransanın “qərəzli mövqe” tutmasını göstərib.
Ermənistan mətbuatının yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyan görüşün təxirə salınmasından məyus olduğunu bildirib və görüş zamanı əhəmiyyətli sənədin imzalanması ehtimalı olduğunu qeyd edib. Buna baxmayaraq, Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammitində qatılmaq üçün İspaniyaya yola düşüb.
Hikmət Hacıyev: Azərbaycan Brüsseldə üçtərəfli görüşlərə hazırdır
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında Azərbaycanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəklədiyi bildirib.
Prezidentin müşaviri son paylaşımda həmçinin rəsmi Bakının Qranada şəhərində keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirakdan etməsinə də toxunub.
"Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik.”
Hikmət Hacıyev qeyd edir ki, bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil.
"Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik",- deyə H.Hacıyev bildirib.
Azərbaycanın Əsgəran, Ağdərə və Şuşa rayonlarında Rusiya sülhməramlılarının müşahidə postalrı sökülüb
Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ münaqişəsi zonasındakı" sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindəki Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsi başa çatıb.
Bu barədə sülhməramlı kontingentin mətbuat bületenində məlumat yayılıb.
Bununla yanaşı məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
“Bakı və Stepanakert (Xankəndi) şəhərləri ilə dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və humanitar qanunlara riayət edilməsi məqsədi ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, məlumatda qeyd edilir.
Mətbuat bülletenində bildirilir ki, döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya sülhməramlılarının nəzarəti altında Dağlıq Qarabağ silahlı birləşmələrinin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və sursatların hesablanması davam etdirilib.
ABŞ İstanbul görüşünün "işçi səviyyəsində" olduğunu deyir
ABŞ Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatından iki gün əvvəl, sentyabrın 17-də İstanbulda Rusiya, Avropa İttifaqı və Amerika rəsmiləri arasında görüşün keçirilməsi barədə yayılan xəbərləri təsdiqləyib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel oktyabrın 4-də ənənəvi birifinqdə Turan Agentliyinin sualının cavabında bildirib.
O, brifinqdə bu görüşün "işçi səviyyəsində" olduğunu deyib.
"Biz regiondakı maraqlı tərəflər və həmsöhbətlərlə kifayət qədər müntəzəm olaraq əlaqə saxlayırıq və 17 sentyabrda İstanbulda keçirilən görüş xüsusilə təcili humanitar məsələlərin həlli üçün bir araya gəldi. Dağlıq Qarabağa potensial humanitar yardımın göstərilməsi. Həmin görüş də bundan ibarət idi", Patel izah edib.
Mətbuat katibinin müavini Turan agentliyinin görüşün təşəbbüskarı ilə bağlı sualına açıqlama verməkdən imtina edib.
Oktyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova Qarabağdakı hərbi əməliyyatın keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.
ABŞ senatoru Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Ben Kardin ABŞ-ın Azərbaycanla hərbi yardım və təhlükəsizlik sahəsində əməkdaşlığının yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu deyib.
Ben Kardin oktyabrın 4-də yaydığı bəyanatda Azərbaycanı “məqsədyönlü etnik təmizləmə kampaniyası” aparmaqda günahlandırıb, İlham Əliyevin “təxminən bir il davam edən dəhşətli blokadadan sonra” Qarabağ regionuna nəzarət etmək üçün hərbi gücdən istifadə etdiyini və oradakı “erməni əhalisini və zəngin tarixini sildiyini” qeyd edib.
“Biz Azərbaycanın daha çox ərazi əldə etmək naminə hərbi cəhətdən irəliləməməsini təmin etmək üçün addımlar atmalıyıq, o cümlədən qızışdırıcı ritorikanı zorla pisləməliyik. ABŞ bu qəddar kampaniyanı dayandırana qədər Azərbaycana təhlükəsizlik yardımını dayandırmalıdır”, bəyanatda qeyd edilir.
Senator həmçinin müharibə cinayətlərinin araşdırılmasına, Qarabağı tərk edən ermənilərə humanitar yardımı artırmağa, Ermənistanın son illərdə apardığı demokratik islahatları, o cümlədən şəffaflığı, yaxşı idarəçiliyi və Ermənistanla iqtisadi əməkdaşlığı təşviq edən səyləri dəstəkləməyə çağırıb.
Rəsmi Bakı Qarabağda etnik təmizləmə siyasətinin aparılmasını qəti şəkildə rədd edir və ermənilərin bölgəni tərk etməyə məcbur edilmədiklərini qeyd edir. Azərbaycan Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini vəd edib.
Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.
Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.