Azərbaycan Xarici İşlər Nazirliyinin cümə günü bildirdiyinə görə, Azərbaycan BMT-nin missiyasını “yaxın günlərdə Qarabağa səfər etmək üçün dəvət edib”.
Birləşmiş Ştatlar və digər ölkələr mümkün insan hüquqları pozuntuları ilə bağlı narahatlıqlara görə Bakını beynəlxalq müşahidəçiləri Qarabağa buraxmağa çağırıb. Ermənistan Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edir, lakin Bakı bunu qəti şəkildə rədd edir.
“Səfər (missiyaya) Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyətlərlə tanış olmağa imkan verəcək”, nazirliyin açıqlamasında bildirilir.
“Bundan başqa, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni ermənistan silahlı qüvvələrinin tərksilahı və döyüş sursatlarının müsadirəsi, həmçinin minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək”, məlumatda bildirilir.
BMT-nin Ümumdünya Ərzaq Proqramı artıq Qorusda qaçqınlara yemək vermək üçün çadırlar qurub. Eyni zamanda, sentyabrın 29-da Qarabağın erməni nümayəndələri ilə Azərbaycan rəsmilərinin Yevlax şəhərində üçüncü görüş keçirilib.
Tərəflər yenidən humanitar məsələlər və ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsini müzakirə ediblər.
Ermənistan hökumətinin sentyabrın 29-na verdiyi məlumata əsasən, Ermənistana gələn Qarabağ sakinlərin sayı 93 min nəfər təşkil edir.
Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, sentyabrın 29-da yerli vaxtla səhər saat 10-a olan məlumata görə, Qarabağdan ümumilikdə 88 780 nəfər Ermənistana daxil olub ki, bu da regionun təxminən 120 000 sakininin üçdə ikisindən çoxunu təşkil edir.
Paşinyan Azərbaycanı “etnik təmizləmə”də ittiham edib və növbəti günlərdə separatçı bölgədə heç bir erməninin qalmayacağı ilə bağlı xəbərdarlıq edib.
“Bu, beynəlxalq ictimaiyyəti xəbərdar etdiyimiz birbaşa etnik təmizləmə aktıdır”, Paşinyan sentyabrın 28-də hökumətin iclasında beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağıraraq bildirib.
Rəsmi Bakı etnik təmizləmə ilə bağlı ittihamları rədd edib və erməni əhalini Azərbaycana “reinteqrasiya etmək” istədiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 28-də verdiyi açıqlamada erməniləri Qarabağda qalmağa çağırıb.
“Biz erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”, nazirliyin bəyanatında deyilir.
Əvvəllər Ermənistanın əsas hərbi himayədarı olan, lakin sülhməramlı qüvvələri Qarabağın süqutunun qarşısını ala bilmədiyinə görə Yerevan tərəfindən tənqid edilən Rusiya qaçan ermənilərin qorxmağa heç bir səbəbi olmadığını bildirib.
“[Kütləvi köçə görə] kimin günahkar olduğunu söyləmək çətindir. Bu cür hərəkətlərin birbaşa səbəbləri yoxdur”, Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın ermənilərə qarşı etnik təmizləmə ilə bağlı iddialarını rədd edərək bildirib.
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) səfiri bildirib ki, Qarabağdakı ermənilər, əgər istəyərlərsə, hüquqlarına və təhlükəsizliklərinə hörmət edilərək öz evlərində qala bilməli, gedənlər və qayıdanların isə neytral, müstəqil üçüncü tərəfin monitorinqi altında təhlükəsiz keçidə icazə verilməlidir.
“Biz Ermənistana gedən Dağlıq Qarabağ sakinlərinin təhlükəsiz mühit təmin edildikdən sonra evlərinə sərbəst qayıda bilmələrini gözləyirik”, səfir Maykl Karpenter ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.
O həmçinin bildirib ki, Azərbaycan mülki insanları qorumaq və döyüşçü olmaqda şübhəli bilinənlər də daxil olmaqla, hamıya qarşı humanist rəftarı təmin etmək öhdəliyi daşıyır.
Karpenter regionda təhlükəsizliyi təmin etmək üçün müstəqil beynəlxalq missiya çağırışını təkrarlayıb və beynəlxalq humanitar təşkilatların maneəsiz çıxışına çağırıb.
Karpenter qeyd edib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bu həftənin əvvəlində Ermənistana səfəri zamanı 11,5 milyon dollarlıq humanitar yardım paketini elan edib. O bunun ABŞ-ın 2020-ci ildən bəri Qarabağda vəziyyətlə əlaqədar göstərdiyi 23 milyon dollardan çox humanitar yardıma əlavə olduğunu qeyd edib.
“Birləşmiş Ştatlar davamlı və uzunmüddətli sülh sazişinin əldə edilməsi üçün Azərbaycan və Ermənistanla ən yüksək səviyyədə əlaqə saxlamağa davam edəcək”, Karpenter bildirib.
Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb. Tanınmamış quruma üç onillik müddətində dəstək göstərən Ermənistan hökuməti Qarabağdan gələn əhalinin qayğısına qalacağını bildirib. Azərbaycan hökuməti isə öz növbəsində ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edir.