Qalib Toğrul: "Qubad İbadoğlunun ofisində yenidən axtarış aparıla bilər"

Qalib Toğrul

Sentyabrın 29-da Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlunun həyat yoldaşının Nərimanov rayonunda yerləşən ofisin möhürlənməsindən verdiyi şikayətə baxılıb.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun Amerikanın Səsinə açıqlamasında bildirib ki, hakim şikayəti təmin etməyib:

"Ofisə qoyulan möhürün açılması ilə bağlı iddia məhkəmə tərəfindən rədd edildi. Bu şikayət Qubad bəyin həyat yoldaşının adından verilmişdi. Çünki o mənzil İradə xanıma məxsus idi. Qarşı tərəfdən isə "Bandotdel"-ın baş müstəntiqi Yusif Yusifov gəlmişdi. O da bildirdi ki, ofisdə yenidən araşdırılma aparıla bilər. Bu səbəbdən, ofisi açmağı planlaşdırmırıq".

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.