Qərbi Azərbaycan vilayətində İranın ən böyük qızıl mədənlərindən olan Ağdərə mədəninin işçilərinin məhkəmə iclası keçirilib.
İşçilərin təqribən iki ay əvvəl Qərbi Azərbaycanın Tikantəpə (Təkab) şəhərində yerləşən Ağdərə mədəninin yolunda keçirilən və toqquşmaya yol açan mitinq ilə əlaqədar mühakimə olunduğu bildirilir.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, işçilər sentyabrın 26-da Təkab məhkəməsində hakim qarşısına çıxarılıblar.
Mühakimə edilən təqribən 30 işçi barəsində hökmün növbəti məhkəmə iclasında oxunacağı gözlənilir. İLNA-nın xəbərinə görə, işçilərə qarşı daha əvvəl irəli sürülmüş bəzi ittihamlar sentyabrın 26-da keçirilən iclasda dosyedən çıxarılıb.
Keçən iyul ayının son günlərində Ağdərə mədəninin yolunda aksiya keçirən işçilər və kənd əhalisi çevik polis qüvvələrinin hücumuna məruz qalmışdılar. Hüquq müdafiəçiləri ən az iki etirazçının yaralandığı və çox sayda kəndlinin saxlandığına dair məlumat yaymışdı. Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) yaydığı məlumata əsasən, kəndlilər yerli əhalinin mədən tərəfindən işə götürülmədiyinə etiraz bildirmək üçün aksiya təşkil etmişdilər.
SEE ALSO: Qərbi Azərbaycan vilayətində aksiya zamanı saxlanılan kəndlilərə qarşı məhkəmə işi açılıbQərbi Azərbaycanın Tikantəpə şəhərində yerləşən Zərşoran və Ağdərə mədənləri İranın ən böyük qızıl mədənləri olmaqla yanaşı, Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadırlar.
2014-cü ildə Ağdərə mədənindən qovulduqdan sonra etiraz aksiyası təşkil edən bir çox yerli işçi işəgötürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində həbs, pul cəriməsi və şallaq cəzasına məhkum edilmişdilər. 17 işçinin şallaq hökmü 2016-cı ilin may ayında icra edilmişdi.