Ombudsman Aparatının nümayəndələri həbsdə olan jurnalist Əvəz Zeynallı ilə görüşüblər

Əvəz Zeynallı

Ombudsman Aparatının nümayəndələri hazırda həbsdə saxlanılan Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşüblər.

Sentyabrın 26-da baş tutan görüş zamanı Əvəz Zeynallı aparat nümayəndələrinə səhhətindəki, o cümlədən gözlərindəki problemlərlə bağlı məlumat verib. Müayinə və müalicəsinin fərdi qaydada aparılmasının vacibliyini və zəruriliyini qeyd edib.

Əvəz Zeynallı, həmçinin, həbs olunduğu zaman Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları tərəfindən götürülən və məhkəmə prosesinin başlamasına baxmayaraq, ailəsinə məxsus maddi vəsaitin və texniki avadanlıqlarının heç bir əsas olmadan bu günədək saxladıqlarını və onların geri qaytarılmasında problemlər yaratdıqlarını diqqətə çatdırıb.

Ombudsman Aparatının nümayəndələri Əvəz Zeynallını dinləyərək, səlahiyyətləri çərçivəsində məsələlərin həllinə çalışacaqlarını bildiriblər.

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, “Səda TV”nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunurlar. Amma jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir.

Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.