Qarabağdan Ermənistana gələn ermənilərin sayının 50 mini keçdiyi bildirilir

TASS xəbər agentliyinin Ermənistan rəsmilərinə istinadən bildirdiyinə görə, yerli vaxtla saat 11:00-a qədər Laçın sərhəd buraxılışı məntəqəsi ilə ölkəyə keçən Qarabağın erməni sakinlərinin sayı 53,629 nəfər təşkil edib.

Amerikanın Səsinin Ermənistanın Qoris şəhərinə ezam olunmuş əməkdaşı Hezer Mördok məlumat verir ki, Qarabağdan gələn ermənilərin bölgədən çıxmağa tələsməklərinin səbəbi Xankəndi ilə Ermənistan arasındakı yolun tezkiklə bağlana biləcəyi qorxusudur.

Your browser doesn’t support HTML5

Amerikanın Səsinin əməkdaşı Ermənistanın Qoris şəhərindən məlumat verir

“Mən onlardan soruşdum ki, nə vaxtsa Qarabağa dönməyi düşünürlərmi. Onlar gözü yaşlı şəkildə “hə” deyə cavab verdilər. Buna ümid etdiklərini, bunu arzuladıqlarını dedilər” – jurnalist bildirdi.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib, mülki şəxslərin təhlükəsizliyinin, erməni əhalinin haqlarının qorunmasının vacibliyini vurğulayıb.

Volker Türk, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı

“Mən dərinləşməkdə olan kövrək humanitar vəziyyəti narahatlıqla izləyirəm. Etnik erməni əhalinin hüquqlarının qorunması və bütün hərəkətlərin beynəlxalq hüquq normalarına əsaslanması vacibdir. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Təsirə məruz qalanların humanitar yardıma çıxışı olmalıdır”, İnsan Hüquqları üzrə Ali Komissarlığın sentyabrın 26-sı yaydığı bəyanatda vurğulanıb.

ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Dağlıq Qarabağda durumu müzakirə edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə bu barədə məlumat verərək, prezident Əliyevin əlavə hərbi əməliyyatların olmayacağını söylədiyini bildirib və Vaşinqtonun ondan buna əməl edəcəyini gözlədiyini əlavə edib.

Miller jurnalistlərə bildirib ki, Blinken bundan sonra hərbi əməliyyatlara son qoyulmasının, mülki şəxslərin qeyd-şərtsiz müdafiəsi və sərbəst hərəkəti, eləcə də Dağlıq Qarabağa humanitar yardımların maneəsiz çıxışının vacibliyini vurğulayıb.

Dövlət departamenti sözçüsü əlavə ki, söhbəti zamanı dövlət katibi Blinken prezident Əliyevi geniş amnistiya tətbiq etməyə və beynəlxalq müşahidəçi missiyasının Qarabağa buraxılmasına icazə verməyə çağırıb.

USAID rəhbəri Bakıda səfərdədir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer sentyabrın 27-də Azərbaycana gəlib. Onu səfər zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono müşaiyyət edir.

Pauerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan prezidenti son hərbi əməliyyat zamanı mülki əhaliyə ziyan dəymədiyini, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olduğunu bildirib.

Əlavə edilir ki, Əliyev Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları mövzusuna toxunaraq, onların hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcəyini deyib.

Görüşdə rəsmi Bakının ölkədə akkreditə olunan BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğu qeyd edilib.

Prezident İlham Əliyev və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer ilə görüşərkən.

USAID Azərbaycan prezidenti ilə görüş barədə hələ məlumat yaymayıb. Görüşdən öncə isə verilən məlumatda Pauerin Dağlıq Qarabağdakı humanitar vəziyyəti və bununla bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməyin vacibliyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə görüşəcəyi deyilirdi.

“USAID rəhbəri səfər zamanı həmçinin Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı və ləyaqətli sülhün perspektivlərinə toxunacaq”, məlumatda deyilir.

USAID rəhbəri Samanta Pauer Azərbaycandan öncə sentyabrın 25-26-da Ermənistanda səfərdə olub. O ölkənin yüksək rəhbərliyi ilə humanitar durumu və regiondakı son vəziyyəti müzakirə edib. Pauer sentyabrın 26-da Ermənistanın Azərbaycanla həmsərhəd Qoris şəhərinə gedib və yerli icma ilə müzakirələr aparıb.

Pauerin Ermənistana səfəri ilə bağlı USAID-in məlumatında deyilir ki, o ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və demokratiyasına dəstəyini təsdiqləmək və “Dağlıq Qarabağda son zorakılıqdan irəli gələn humanitar ehtiyacların” həllinə kömək etmək üçün bu ölkəyə səfər edib.

“Birləşmiş Ştatlar regionda ləyaqətli və davamlı sülhə nail olmaq üçün Ermənistanı dəstəkləməkdə davam edir. Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahatdır və beynəlxalq humanitar təşkilatlara və kommersiya daşımalarına maneəsiz çıxışa çağırır”, USAID-in məlumatında deyilir.

Qarabağ ermənilərinin “dövlət naziri” Ruben Vardanyan saxlanılıb

Ruben Vardanyan saxlanılarkən. Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı foto.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin sentyabrın 27-də verdiyi məlumata əsasən, “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Məlumatda deyilir ki, 1968-ci il təvəllüdlü Vardanyan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakıya gətirilib.

Ruben Vardanyan 2022-ci ilin noyabrında tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “dövlət naziri” təyin edilib, 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.

Rusiyalı iş adamı Vardanyan “Troyka Dialoq” şirkətinin təsisçisi və “Skolkovo” idarəetmə məktəbinin prezidentidir. O, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb.

Azərbaycan hökuməti Qarabağda son hərbi əməliyyat zamanı ölən və yaralananların sayını açıqlayıb

Azərbaycanın sentyabrın 19-20-də Qarabağda keçirdiyi hərbi əməliyyatında 192 hərbçisi və 1 mülki şəxsi həlak olub, o cümlədən 511 hərbçisi və 1 mülki şəxsi yaralanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi sentyabrın 27-də məlumat yayıb.

“Şəhid olmuş hərbçilərdən 180 nəfəri Müdafiə Nazirliyinin, 12 nəfəri Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir”, nazirliyin məlumatında qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi isə həlak olan hərbi qulluqçuların hər birinin fotoları əks olunmaqla siyahısını dərc edib.

Qarabağda erməni separatçı döyüşçülərinin verdiyi itkilər haqda dəqiq rəqəmlər məlum olmasa da, sosial şəbəkələrdə ölən və yaralıların sayının yüzlərlə olduğu bildirilir.

Son bir həftədə baş verənlər

Sentyabrın 19-da Azərbaycan ordusu Qarabağ regionunda “lokal xarakterli antiterror tədbirlərinə” başladığnı elan etmişdi. Rəsmi Bakı hərbi əməliyyatları 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunmamaması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə əsaslandırıb.

Sentyabrın 20-i, hərbi əməliyyatın başlamasından təxminən 24 saat sonra Qarabağ ermənilərinin nümayəndələri Rusiya sülhməramlıların vasitəçiliyi ilə Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini və sentyabrın 21-ı Yevlax şəhərində rəsmi Bakının nümayəndələri ilə görüşəcəyini bəyan edib. Beləliklə tərəflər hərbi əməliyyatın dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Hərbi əməliyyatın dayandırılmasından sonra xalqa müraciət edən Azərbaycan prezidenti İlham Əliyev Qarabağda separatçı qüvvələrin silahları təhvil verməsinə razılaşması və sentyabrın 21-də Qarabağın erməni icmasının rəsmi Bakı ilə danışıqlara başlamasının regionda sülhün təmin olunması üçün böyük ümidlər verdiyini bildirib.

“[Qarabağ ermənilərinin] bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, bələdiyyə, seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir”, dövlət başçısı vurğulayıb.

Ermənistana polisi Qarabağdan gələn sakinləri qarşılayır.

Lakin Azərbaycan prezidentinin bu çağırışlarına baxmayaraq, sentyabrın 24-dən etibarən Qarabağın erməni sakinləri bölgəni tərk edərək, Laçın sərhər buraxılışı məntəqəsi ilə Ermənistana keçməyə davam edir.

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 24-ü xalqa müraciətində Qarabağ ermənilərinin kütləvi olaraq Ermənistana köçmək istəyəcəyini ehtimal etmişdi.

“Əgər Dağlıq Qarabağ ermənilərinin evlərində yaşamaqları üçün müvafiq şərtlər yaradılmasa və etnik təmizləməyə qarşı effektiv müdafiə mexanizmləri olmasa Dağlıq Qarabağ erməniləri həyatlarını və kimliklərini qorumaq üçün vətənlərini tərk etməyi yeganə yolun kimi görəcəkləri ehtimalı artır” - baş nazir qeyd edib və əlavə edib ki, Ermənistan hökuməti “Dağlıq Qarabağdan olan bizim qardaş və bacılarımızı tam qayğı ilə qəbul edəcək.”