Sentyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında iqtisadçı və Azərbaycan Demokratiya və Rifah partiyasının sədri Qubad İbadoğlunun həbsinə etiraz aksiyası keçirilib.
Polis əməkdaşları aksiya zamanı etirazçıları müşahidə edib. Aksiya iştirakçıları dövlət qurumunun qarşısından uzaqlaşdırılaraq Nərimanov rayon məhkəməsinin qarşısına doğru istiqamətləndirilib.
ADR Partiyasının üzvlərinin tələbi Qubad İbadoğlunun və digər siyasi məhbusların azad edilməsidir.
Aksiya zamanı "Qubad İbadoğluna azadlıq", "Sənədləri qaytarın", "Ofisimizə nəzarəti götürün" və s. kimi şüarlar səsləndirilib.
ADR üzvü Əlövsət Sadıqlı aksiya iştirakçılarının qətnaməsini səsləndirib:
"23.07.23 il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən zorakılıqla həbs edilən və 24.07.23 tarixində Nərimanov rayon məhkəməsi tərəfindən qondarma ittihamla barəsində 3 ay 26 gün həbs qəti imkan tədbiri seçilmiş London İqtisadiyyat və Siyasi Elmlər məktəbinin baş elmi işçisi, ADR sədri Qubad İbadoğlunun hüquqlarının pozulması prosesi bu gün də davam edir".
Qətnamədə partiya üzvləri tərəfindən qəbul edilmiş 6 şərt öz əksini tapıb:
"Qubad İbadoğlunun sifarişli həbsinə və bununla bağlı bütün hüquqi pozuntular əleyhinə keçirilən etiraz piketinin iştirakçıları olaraq tələb edirik ki, mövcud vəziyyət və Avropa məhkəməsinin qərarı nəzərə alınmalı və Qubad ibadoğlu dərhal xüsusi klinikaya köçürülməlidir. O, dərhal azad edilməli ya da barəsində seçilmiş həbs qəti imkan tədbiri istintaq dövrü üçün həbslə bağlı olmayan qəti imkan tədbiri ilə əvəz edilməlidir. ADR partiyasının axtarış zamanı götürülən sənədləri dərhal geri qaytarılsın, həmçinin, partiyanın ofisinə giriş üzərinə qoyulan məhdudiyyəti götürülsün. Bundan başqa, son zamanlarda artan polis zorakılığına son verilməsini tələb edirik".
Əlövsət Sadıqlı bildirib ki, qətnamə dövlət orqanına təqdim ediləcək.
Aksiya iştirakçısı Dilarə Miriyeva bildirib ki, partiya sədrinin azadlığını tələb edir: “Azərbaycandakı bütün repressiyalara son verilməsini istəyirik. Eyni zamanda, ofisimizin üzərindəki nəzarətin götürülməsini, sənədlərimizin geri qaytarılmasını tələb edirik. İnanıram ki, bizim səsimizə səs verən olacaq".
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.