Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında son həbslər, Urmiyə gölü üçün etiraz kampaniyaları, məktəblərin açılması fonunda ana dilində təhsil tələbi və İran Parlamentində "Hicab və İffət" qanununun qəbul edilməsi haqqında danışıb.
Jalə Təbrizli həmçinin idarə etdiyi Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) sentyabrın 11-dən bəri davam etməkdə olan BMT İnsan Haqları Şurasının 54-cü sessiyasının iclaslarında iştirakı haqqında məlumat verib.
Your browser doesn’t support HTML5
O, son vaxtlar İran Azərbaycanında saxlanılan bir çox vətəndaşın həbsinin Urmiyə gölü üçün etiraz kampaniyaları ilə əlaqədar olduğunu bildirib.
"Urmiyə gölü etirazları ilə bağlı milli fəallar, eləcə də ətraf mühit müdafiəçiləri tutulublar. Xanımlar bu barədə etiraz etdilər. Onlara çox hörmətsizlik olundu. Etiraza qatılan xanımların da 6 nəfərini kəşfiyyat şöbəsinə çağırıblar," Jalə Təbrizli söyləyib.
SEE ALSO: İran Azərbaycanında məktəblərin açılması ilə birlikdə türk dilində təhsil tələbi səsləndirilirHüquq müdafiəçisi son vaxtlar Təbrizdə nəzarət altına alınan fəalların işinə baxan prokuror Seyid Musəviyə işarə edərək onun hər zaman türk fəallara qarşı pis davrandığını bildirib.
Son günlərdə İranda məktəblərin açılması fonunda şəhərlər və sosial şəbəkələrdə İran Azərbaycanında türk dilində təhsil qadağasına etiraz səslərinin artdığı müşahidə edilir.
Jalə Təbrizli İran Azərbaycanında məktəblərdə və təhsil sistemində bəzi çatışmazlıqlar, eləcə də bəzi yerlərdə məktəblərin olmaması probleminə diqqət çəkib.
"Bu il İranda 16 milyon şagird məktəbə gedəcək. Bunların 75 faizi fars olmayan millətlərin uşaqlarıdır. Onlar hələ də öz dillərində yazıb-oxumağı öyrənə bilmir. Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində toplam 4 milyon uşaq məktəbə gedir. Bir çox kəndimizdə məktəb yoxdur. Şərqi Azərbaycanda 400 konteyner məktəb var. Müəllim çatışmazlığı var. Ailələrin gəlir səviyyəsi məktəb ləvazimatını təmin etməyə əlverişli deyil. Köçəri icmalarda məktəb problemi var. İranda bir milyon uşağın şəxsiyyət vəsiqəsi yoxdur ki, əsasən məktəbə qeyd olunsun. Müəllimlərin nümayəndələri həbsdədir."
SEE ALSO: Hacər İbrahimi: Qardaşım Peymanın niyə tutulduğunu bilmirik, zatən İranda türkəm dedinsə, suçlusanO, bütün problemlərə rəğmən İran Azərbaycanında türk dilini qorumaq istiqamətində yürüdülən fəaliyyətləri yüksək qiymətləndirib.
"Amma mən bir şeyə görə şadam ki, bizim millətimiz durmur ki, İslam Cümhuriyyəti bunlara kilas qoysun. Türk dilinin danışılması və yazılması Azərbaycanda və tamam türk bölgələrdə çox gözəl şəkildə irəli gedir," hüquq müdafiəçisi qeyd edib.
Jalə Təbrizli müsahibədə həmçinin idarə etdiyi hüquq müdafiə qurumunun son aylardakı fəaliyyətləri haqqında məlumat verib.
Onun bildirdiyinə görə, Ərk cəmiyyəti sentyabrın 11-dən bəri davam etməkdə olan BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında bəyanatlar və məruzələr ilə iştirak edib.
"Bizim 3 bəyanatımız oldu. 7 danışıq imkanı ala bildik. Son danışıq oktyabrın 6-da olacaq. Bunlar, o cümlədən Urmiyə gölünün qurudulması, Araz çayının İslam Cümhuriyyəti və Ermənistan dövlətləri tərəfindən zəhərlənməsi, Azərbaycanda susuzluq məsələsi, məhbusların məsələsi, təhsildən məhrum edilmiş gənclər, türk dilində təhsil tələbi, habelə irqçilik və ayrı-seçkilik mövzularında olub" - deyə Jalə Təbrizli əlavə edib.