Xocalıda rəsmi Bakının nümayəndələrinin Qarabağ ermənilərinin təsmilçiləri ilə görüşünün nəticələri açıqlandı

Azərbaycan nümayəndələri və Qarabağın erməni təmsilçiləri arasında Xocalıda görüş keçirilib.

Azərbaycan Respublikası Prezident Administrasiyası bazar ertəsi sentyabrın 25-də Xocalı qəsəbəsində rəsmi Bakının nümayəndələrinin Qarabağ ermənilərinin təsmilçiləri ilə görüşü barədə məlumat açıqlayıb.

Rəsmi açıqlamada Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyətinin təklif edildiyi bildirilir.

Müzakirələr zamanı Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili, eləcə də birgə işçi qrupunun yaradılması barədə ilkin qərar verildiyi qeyd edilib.

Açıqlamada Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb.

Həmçinin bildirilir ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub.

Bundan başqa, Xocalıda baş tutan müzakirədə gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Bu, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun Qarabağ ermənilərinin nümayəndələri Sergey Martirosyan və David Melkumyanla ikinci görüşüdür.

Ramin Məmmədov görüş zamanı bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərildiyini diqqətə çatdırıb. Habelə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması təklifi verilib.

Görüşlə bağlı Qarabağın erməni təmsilçilərinin tərəfindən hələ açıqlama verilməyib.

Tərəflər arasında danışıqlar Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə keçirilib.

Rəsmi Bakının nümayəndələrinin Qarabağ ermənilərinin təsmilçiləri ilə görüşü eyni zamanda, Qarabağ ermənilərinin regionu tərk etdiyi vaxta təsadüf edir.

Ermənistan hökumətinin yaydığı son bəyanatda Qarabağı tərk edən ermənilərin sayının 4850-ə çatdığını bildirilir.

Rəsmilərin sözlərinə görə, 3900 nəfərin köçkünün qeydiyyatı başa çatıb və hazırda 950 köçkünün sənədləşdirilməsi prosesi gedir.

Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında ilk görüş sentyabrın 21-də Yevlax şəhərində baş tutub.

Azərbaycan Prezidentinin Administrasiyasının açılamasında görüşün “konstruktiv və müsbət mühitdə” keçdiyi, eləcə də “sosial və humanitar xarakterli” məsələlərin də müzakirə edildiyi bildirilib.