Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 24-də erməni sakinlərin Qarabağı tərk etməsi ehtimalının artdığını bildirib və ermənilərin təhlükəsizliyini təmin etmədikləri üçün Rusiyanı günahlandırıb.
“Əgər Dağlıq Qarabağ ermənilərinin evlərində yaşamaqları üçün müvafiq şərtlər yaradılmasa və etnik təmizləməyə qarşı effektiv müdafiə mexanizmləri olmasa Dağlıq Qarabağ erməniləri həyatlarını və kimliklərini qorumaq üçün vətənlərini tərk etməyi yeganə yolun kimi görəcəkləri ehtimalı artır” – Paşinyan xalqa müraciətində bildirib.
“Bu baş verəcəyi halda məsuliyyət etnik təmizləmə siyasəti həyata keçirən Azərbaycanın və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin üzərinə düşəcək” – baş nazir əlavə edib.
Müraciəti zamnı Nikol Paşinyan Ermənistan-Rusiya strateji müttəfiqliyinin Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət olmadığını deyib.
Bu həftə Azərbaycan Sovet İttifaqının dağılmasından sonra erməni sakinlərin nəzarətində olan Qarabağ bölgəsində qələbə əldə edib. Qarabağ erməniləri liderinin müşaviri sentyabrın 24-də Reuters-ə bildirib ki, əhali Azərbaycan idarəçiliyi altında özünü təhlükəsiz hiss etmədiyi üçün bölgəni tərk edə bilər.
Rusiya üç il öncə Qarabağda 44 günlük müharibə bitdikdən sonra bölgədə zamin kimi çıxış edir. Amma ermənilərin əksəriyyəti bölgə sakinlərinin təhlükəsizliyini təmin etməkdə uğursuz olduğuna görə Moskvanı günahlandırır.
Rusiya rəsmiləri isə böhranı idarə edə bilmədiyi üçün Paşinyanı günahlandırır və təkrarən Ermənistanın regionda az sayda müttəfiqi olduğunu xatırladırlar.
“Hökumət Dağlıq Qarabağdan olan bizim qardaş və bacılarımızı tam qayğı ilə qəbul edəcək” – deyə Ermənistan baş naziri bildirib.
Paşinyan ad çəkmədən bəzi qüvvələrin ona qarşı çevriliş həyata keçirmək istədiyini xəbərdarlıq edərək, Rusiya mediasını ona qarşı informasiya müharibəsində iştirak etdiyinə görə ittiham edib.
“Bəzi tərəfdaşlarımız təhlükəsizliklə bağlı zəif nöqtələrimizi ortaya çıxarmaq üçün getdikcə daha çox səy göstərir, təkcə xarici deyil, həm də daxili təhlükəsizliyimizi və sabitliyimizi riskə atır.” - Paşinyan bazar günü çıxışında bildirib.
Baş nazir əlavə edib ki, bu səbəbdən Ermənistan Respublikasının xarici və daxili təhlükəsizlik alətlərini “transformasiya etmək, tamamlamaq və zənginləşdirmək lazımdır.”