BMT Təhlükəsizlik Şurasında Qarabağdakı son durum müzakirə olundu

NYU YORK – Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında brifinq keçirilib. Brifinqin müzakirə mövzusu sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyat və regiondakı humanitar durum idi.

Albaniyanın sədrlik etdiyi brifinqdə giriş nitqini siyasət və sülh quruculuğu əməliyyatları üzrə BMT baş katibinin köməkçisi Miroslav Cenka etdi. Baş katib köməkçisi sentabrın 19-u iki mülki vətəndaşın və dörd polis əməkdaşının mina partlayışı nəticəsində həlak olmasından sonra Azərbaycanın Qarabağ iqtisadi regionunda “lokal xarakterli anti-terror tədbirləri” başlatdığını bildirib.

Miroslav Cenka hərbi əməliyyatların Laçın və Ağdam yolları ilə humanitar yüklərin daşınmağa başlamasından bir gün sonraya təsadüf etdiyini və bunun regionda olan həssas əhali üçün humanitar fəsadlarının ağır olacağı ilə bağlı narahatlıqları ifadə etdi.

“Hərbi əməliyyatların dayandırılması ilə bağlı dünənki bəyanatı qeyd etməklə bildirmək istəyirik ki, yerdəki vəziyyət qeyri-sabit olaraq qalır. Biz həmçinin Qarabağın yerli sakinlərinin nümayəndələri ilə Azərbaycan hökumətinin ilkin mübadilə üçün bu gün səhər görüşməsini müsbət addım hesab edirik,” Cenka deyib.

BMT nümayəndəsinin çıxışının ardınca BMT Təhlükəsizlik Şurasının üzvləri Fransa, ABŞ, Birləşmiş Krallıq, Çin, Rusiya, o cümlədən, BƏƏ, İsveçrə, Braziliya, Türkiyə və digər ölkələrin elçiləri çıxışlar ediblər.

Çıxış edən nümayəndələrin əksəriyyəti son hərbi əməliyyatın sülh prosesinə zərər vuracağı və yerli əhalinin humanitar durumunu daha da ağırlaşdıracağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Brifinqdə çıxış edən ABŞ nümayəndəsi Linda Tomas-Qrinfild ölkəsinin Qarabağdakı hərbi əməliyyatların davam etməsindən narahahat olduğunu və bu addımların dərhal dayandırılmasına çağırdığını bildirdi.

“Böhranın yeganə həlli zorakılığa son qoyulması və davamlı sülhə nail olunmasıdır. Biz Dağlıq Qarabağ sakinlərinin haqlarının və təhlükəsizliyinin Azərbaycanın ictimai bəyanatlarına müvafiq olaraq qorunmasına əminliyin olması üçün beynəlxalq missiyanın əhəmiyyətini vurğulayırıq,” Tomas-Qrinfild deyib.

Ararat Mirzoyan, Ermənistan xarici işlər naziri

Daha sonra çıxış üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyana söz verildi. Mirzoyan çıxışına Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatın beynəlxalq hüquqa və 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sazişə zidd olduğunu bildirməklə başladı.

“Bu hücumun intensivliyi və ağırlığı bir şeyi aydın edir – Azərbaycanın niyyəti Dağlıq Qarabağın erməni sakinlərinin etnik təmizləməsini yekunlaşdırmaqdır.”

“Hal-hazırda 200-dən çox insanın öldüyü, 400-dən çox insanın yaralandığı haqda məlumatlar var. Bu rəqəmlərə mülki əhali, qadınlar, uşaqlar da daxildir. Uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 10 mindən çox insan evini tərk etməyə və qidasız şəkildə açıq havada qalmağa məcbur olub.”

Ermənistan xarici işlər naziri çıxışı zamanı sentyabrın 20-də əldə edilmiş atəşkəs mətnində qeyd olunmasına baxmayaraq, Azərbaycan ərazisində heç bir Ermənistan qüvvəsinin olmadığını bildirməklə yekunlaşdırdı.

“Daha bir vacib məqamı vurğalamaq istəyirəm. Bəziləriniz öz çıxışlarınızda "tərəflərə" müraciət edirsiniz. Bu yanaşma və bu terminologiya artıq münasib deyil. Artıq münaqişənin tərəfləri yoxdur. Cinayətkar və qurbanlar var.”

Ceyhun Bayramov, Azərbaycan xarici işlər naziri

Ermənistan xarici işlər nazirindən sonra çıxış üçün söz Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova verildi.

“Ermənistanın müraciəti Azərbaycanın öz suveren ərazisində lokal anti-terror tədbirləri ilə bağlıdır və bu tədbirlər beynəlxalq hüquqa tam uyğundur. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasını çağırması, BMT nizamnəməsinə ziddir,” Azərbaycan xarici işlər naziri bildirdi.

Hərbi əməliyyatın artıq dayandırıldığını vurğulayan Bayramov əlavə edib ki, BMT Təhlüksəzlik Şurasının brifinqi keçirilən gün rəsmi Bakı artıq Qarabağın erməni sakinləri ilə Azərbaycana reinterqasiya dialoqu çərçivəsində ilk görüşünü keçirib və erməni sakinlərə humanitar dəstək mərkəzi hökümət tərəfindən tezliklə həyata keçiriləcək.

Azərbaycan xarici işlər naziri Ermənistan xarici işlər nazirinin Azərbaycanın üçtərəfli sazişi pozması ilə bağlı dediklərinə toxundu: “Əksinə, bu sazişi pozan ərazidə qoşunlar saxlayan Ermənistandır. Heç bir suveren dövlət öz torpağında bu cür ağır hərbi mövcudluğa göz yummazdı, Azərbaycan da istisna deyil.”

Ceyhun Bayramov bütün çətinliklərə baxmayaraq, Azərbaycanın bərabər və qarşılıqlı hörmət əsasında həqiqi dialoqa və danışıqlara sadiq olduğunu bildirdi: “Bununla yanaşı Azərbaycan ölkənin Qarabağ regionunun etnik erməni sakinlərinə öz konstitusiyasında və müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində qeyd edilən bütün hüquqlar və azadlıqlara zəmanət verir.”

BMT Təhlükəsizlik Şurasının brifinqində son çıxışı Avropa İttifaqının Xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrell etdi. Borrel çıxışına Qarabağ erməniləri ilə həmrəyliyini ifadə etməklə başladı və əlavə etdi ki, mübahisələrin həlli üçün gücün istifadəsi qəbuledilməzdir.

“Mən aydın şəkildə bildirmək istəyirəm ki, Avropa İttifaqı həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və biz hər kəsdən eyni mövqeni gözləyirik. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının bərpasına çağırırıq və bu dialoqda dəstəyimizi davam etdirməyə sadiq olduğumuzu bildiririk,” Borrell bildirdi.