Prezident Co Bayden Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışında dünya liderlərini onun Amerikanın liderliyi ilə baxışı və xarici siyasətə çoxtərəfli yanaşmasının dünyanın ən aktual problemlərinin həllinə kömək edəcəyinə inandırmağa çalışıb. ABŞ prezidenti bir daha Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsini BMT nizamnaməsinin fundamental prinsipinin pozulması kimi pisləyib.
BMT-nin Baş Assambleyasında çərşənbə axşamı çıxış edən prezident Co Bayden Ukraynaya beynəlxalq dəstək çağırışını bir daha təkrarlayıb.
ABŞ prezidenti Co Bayden: “Əgər biz təcavüzkarı təmin etmək üçün BMT Nizamnaməsinin əsas prinsiplərindən imtina etsək, hansı üzv dövlət onun müdafiə olunduğuna arxayın ola bilər? Əgər biz Ukraynanın bölünməsinə icazə versək hansı bir ölkənin müstəqilliyi güvəndədir?”
Bu, artıq ikinci ildir Bayden beynəlxalq təşkilatda Ukraynanı müdafiə edir. Lakin qlobal Cənubun Ukraynanın digər məsələləri kölgədə qoyaraq görüşdə üstünlük təşkil edəcəyi ilə bağlı narahatlıqları fonunda Bayden çıxışının 22 dəqiqəsinə qədər Rusiyanın hərbi müdaxiləsini xatırlatmadı.
Keçən il əksər ölkələr Rusiyanın müdaxiləsini pisləyən qətnaməni dəstəkləsə də bir çoxları müharibənin qlobal enerji və ərzaq qiymətlərinə təsirlərindən getdikcə daha çox narahat olur. Hazırda qlobal Cənubu təmsil edən ölkələrdən Moskva və Kyiv arasında sülh danışıqlarını sürətləndirmək üçün getdikcə daha çox çağırışlar gəlir.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva: “Biz sülhün əldə edilməsində çətinlikləri nəzərdən qaçırmırıq. Lakin dialoqa əsaslanmasa, heç bir həll davamlı olmayacaq. Mən bir daha qeyd edirəm ki, danışıqlar üçün atmosferin yaradılması üçün səy göstərilməlidir”.
Ukrayna prezidenti Volodimir Zelenski müdaxilədən sonra Baş Assambleyada ilk dəfə şəxsən çıxış etdiyi zaman öz müraciətini etdi.
“Aydındır ki, Rusiya ələ keçirdiyi bütün ərazilər olmasa da bir qisminin tanınması müqabilində dünya bazarında ərzaq qıtlığından silah kimi istifadə etməyə cəhd edir”.
Çin, Fransa, Rusiya və Böyük Britaniya liderlərinin sammitə qatılmadığı bir vaxt Bayden BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında iştirak edən yeganə liderdir.
O, ABŞ-ın qlobal infrastruktur layihələri üçün resursları səfərbər etmək, onları daha inklüziv etmək üçün beynəlxalq institutlarda islahatlar aparmaq və digər qlobal çağırışları həll etmək səylərini qeyd edib.