Jurnalist Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib

Nurlan Libre (Qəhrəmanlı)

Sentyabrın 21-də jurnalist Nurlan Qəhrəmanlıya (Libre) 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist zorakılıq gördüyünü bildirib. Bu barədə məhkəmədə iştirak edən fəallar məlumat verib.

"Nurlan məhkəmədə dedi ki, Sumqayıt Polisi onu evindən götürüb Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verib. Yol boyu Nurlanı təhqir ediblər, ağır söyüşlər söyüblər. Binəqədidə İdarədə prokurorun gözü qarşısında 3 nəfər tərəfindən döyülüb, telefonunun parolunu almağa çalışıblar. Sol ayağının bud nahiyəsinin iç hissəsində və qolunda xəsarət izləri var".

Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Nurlan Qəhrəmanlı özünü təqsirli bilmədiyini deyib və həbsinin müharibə əleyhinə paylaşımlarına görə olduğunu qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Sentyabrın 13-də isə jurnalist Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. O bildirib ki, DTX-da paylaşımlarına görə zorlama ilə təhdid olunub:

DTX-dan iddia ilə bağlı cavab verilməyib.

Sentyabrın 20-də ictimai fəallar Nemət Abbasov, Əmrah Təhməzov və keçmiş diplomat Emin İbrahimovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilir. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Bundan əlavə, müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb, orada 4 saata yaxın dindirilib.