Sentyabrın 20-də axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyev Qarabağın erməni icmasının nümayəndələrinin Bakının şərtlərini qəbul etməsi nəticəsində Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra ilk dəfə televiziya vasitəsilə Azərbaycan xalqına müraciət edib.
Azərbaycan prezidenti Qarabağda separatçı qüvvələrin silahları təhvil verməsinə razılaşması və sentyabrın 21-də Qarabağın erməni icmasının rəsmi Bakı ilə danışıqlara başlamasının regionda sülhün təmin olunması üçün böyük ümidlər verdiyini bildirib.
“Bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq”, prezident Əliyev qeyd edib.
Azərbaycan prezidenti deyib ki, sentyabrın 21-də Yevlax şəhərində onun nümayəndəsi ilə Qarabağ icmasının nümayəndələri arasında keçiriləcək görüşdə Azərbaycanın birgə yaşayışla bağlı baxışları çatdırılacaq.
“[Qarabağ ermənilərinin] bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, bələdiyyə, seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir”, dövlət başçısı vurğulayıb.
Əliyev nitqinin sonunda son iki gün ərzində Ermənistan hökumətinin tutduğu mövqeni “qiymətləndirdiyini” və bunun uzunmüddətli sülh yaradacağına ümid etdiyini bildirib.
“Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”, Azərbaycan prezidenti qeyd edib.
Nikol Paşinyan: Ermənistan bu razılaşmada iştirak etməyib
Qarabağ icması nümayəndələrinin rəsmi Bakının şərtlərini qəbul etməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan da xalqa müraciət edib. Baş nazir Ermənistanın atəşkəs razılaşmasında iştirak etmədiyini bildirib.
“Hər bir halda biz Dağlıq Qarabağ rəsmilərinin bu bəyanatını qəbul edirik” – deyə, baş nazir qeyd edib və əlavə edib ki, onlar bu addımın atılması ilə Rusiyanın sülhməramlı qüvvələri öz vəzifələrini tam icra edəcəklərinə ümid edirlər.
Son iki gündə baş verənlər
Sentyabrın 19-da Azərbaycan ordusu Qarabağ regionunda “lokal xarakterli antiterror tədbirlərinə” başladığnı elan etmişdi. Rəsmi Bakı hərbi əməliyyatları 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunmamaması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə əsaslandırıb.
Ermənistan rəsmiləri Azərbaycanı Qarabağda “etnik təmizləmə” siyasətini bitirməyə cəhd etməkdə günahlandırıb. Azərbaycan rəsmiləri isə mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığında bildirib.
Gün ərzində tanınmamış Dağlıq Qarabağ Respublikasının nümayəndələri Azərbaycanı hərbi əməliyyatları dayandırmağa və danışıqlar masası arxasına keçməyə çağırıb. Azərbaycan rəsmiləri isə yalnız Qarabağdakı silahlı qüvvələrin silahları təhvil verdikdən sonra hərbi əməliyyatı dayandıracağını bildirib.
Sentyabrın 20-i, hərbi əməliyyatın başlamasından təxminən 24 saat sonra Qarabağ ermənilərinin nümayəndələri Rusiya sülhməramlıların vasitəçiliyi ilə Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini və sentyabrın 21-ı Yevlax şəhərində rəsmi Bakının nümayəndələri ilə görüşəcəyini bəyan edib. Beləliklə tərəflər hərbi əməliyyatın dayandırılması ilə bağlı razılıq əldə ediblər.