Sentyabrın 20-də daha bir ictimai fəal Nemət Abbasov Nərimanov rayon Məhkəməsinin qərarı ilə inzibati həbs cəzası alıb. Bu barədə Amerikanın Səsinə fəalın yaxınları məlumat verib.
Fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunduğu deyilir. Nemət Abbasovun yaxınları deyir ki, o, əslində müharibə əleyhinə paylaşımlarına görə həbs olunub:
"Baxmayaraq ki, Nemətin özü də 2020-ci ildə müharibə iştirakçısı olub, hazırda o müharibə əleyhinə çıxır, paylaşımlar edir və buna görə də cəzalandırılır".
Sentyabrın 20-də daha bir ictimai fəal Əmrah Təhməzova da 30 sutka inzibati həbs cəzası verilib.
Təhməzov sentyabrın 19-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı barədə paylaşım edib. O bildirib ki, çağırılma səbəbi sosial şəbəkələrdə müharibə əleyhinə yazdıqlarıdır.
Bu gün isə Əmrah Təhməzov evinə Baş Prokurorluğun əməkdaşlarının gəldiyi haqqında məlumat yayıb.
Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham olunur.
Daxili İşlər Nazirliyindən həbslərlə bağlı mövqe almaq mümkün olmayıb.
Sentyabrın 19-da ictimai fəal Cavid Əhmədovun da Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığı bildirilir. İctimai fəal müharibə əleyhinə paylaşım etdiyinə görə DTX-ya çağırıldığını deyir. Əhmədovun sözlərinə görə DTX-da müharibə əleyhinə yazanları təxribat törətməkdə ittiham ediblər.
Sentyabrın 13-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Nurlan Qəhrəmanlı bildirib ki, o, DTX-da müharibə əleyhinə paylaşımlarına görə zorlama ilə təhdid olunub.
Dövlət Təhlükəsizlik Xidmətindən iddialarla bağlı məlumat almaq mümkün olmayıb.