İranda 2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində həyatını itirməsi nəticəsində baş qaldıran kütləvi aksiyaların ildönümü fonunda müxtəlif şəhərlərdə siyasi və mədəni fəallara qarşı təzyiq və həbs dalğası davam edir.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri bloger Məhəmməd Munini şənbə günü Zəncan şəhərindəki evində nəzarət altına alıblar. Bloger sorğu-sual edildikdən sonra ertəsi gün sərbəst buraxılıb.
Muini həbs edilmədən bir gün öncə sosial mediada polis qüvvələri, eləcə də İslam İnqilabı Qvardiyasının könüllü Bəsic milisləri və mülki geyimli məmurların Zəncan şəhərinin mərkəz bölgələrindəki fəaliyyətləri ilə əlaqədar məlumat paylaşmışdı.
Blogerin xanımı öz X sosial şəbəkə hesabında həyat yoldaşının şənbə günü günorta saatlarında İranın Kəşfiyyat Nazirliyi məmurları tərəfindən saxlanıldığını bildirmişdi. O daha sonra həyat yoldaşının 31 saat nəzarətin ardınca sərbəst buraxıldığını bildirib. Blogerin xanımının bildirdiyinə görə, məmurlar onun mobil telefonunu alıblar.
İran Wire xəbər saytının bildirdiyinə görə, Məhəmməd Muini təqribən 20 ildir fəaliyyət göstərən "Möhürlü sirlər" adlı bloqun müəllifidir.
Muini həmin bloqda dərc etdiyi yazılar üzündən keçmiş illərdə də məhkəmə və təhlükəsizlik orqanlarının basqılarına məruz qalıb. Onun daha əvvəl fəaliyyətləri səbəbilə magistraturada oxuyarkən təhsildən uzaqlaşdırıldığına dair xəbərlər yayılıb.