Təbrizdə milli fəal Mehrdad Qadiri həbs edilib

Təbriz sakini olan milli fəal Mehrdad Qadiri

Təbrizdə yaşayan milli fəal Mehrdad Qadiri sentyabrın 14-də iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Sosial mediada paylaşılan xəbərlərə görə, Mehrdad Qadiri sentyabrın 14-də axşam saatlarında Təbrizdə iş yerində təhlükəsizlik qüvvələrinin dörd agenti tərəfindən ağır şəkildə döyülərək həbs edilib.

Beləcə, Təbrizdə son günlərdə həbs olunanların sayı 7 nəfərə çatıb.

Hüquq müdafiəçilərinin sosial mediada yaydıqları məlumatlara görə, Mehrdad Qadirinin həbsindən sonra üç təhlükəsizlik qüvvəsi onun evində reyd keçirib. Həmin kəşfiyyat agentləri milli fəalın bütün elektron cihazlarını, o cümlədən komputerini və telefonunu və həmçinin kitablarını müsadirə edib.

SEE ALSO: İran Azərbaycanında azı 6 milli fəal həbs edilib

Sentyabrın 13-də Təbrizdə milli fəallar Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi və Seyid Məhəmmədrza Müvəhhid təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Son günlərdə həbs edilən 7 milli fəalın heç birinə ailəsi və yaxınları ilə əlaqə saxlamağa icazə verilməyib. Saxlanılan milli fəallara qarşı irəli sürülən ittihamlar haqqında hələ ki, məlumat yoxdur.