Dövlət katibi Antoni Blinken ABŞ-ın Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatlığını bildirib. Blinken “Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac” adlı bəyanatında humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edib və humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılması çağırışını təkrarlayıb. Birləşmiş Ştatlar həmçinin Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində səylərini davam etdirəcəyini bəyan edib. Eyni zamanda, Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsinə göndərdiyi humanitar yardımı ilə yük maşını sentyabrın 12-də Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi əraziyə daxil olub. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Qarabağda humanitar yardımın çatdırılması səyləri, ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu və Rusiyanın regionda hədəfləri haqda danışıb.
Amerikanın Səsi: Dövlət katibi Blinken Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib O, bu yaxınlarda açıqladığı bəyanatda çox ehtiyac duyulan humanitar ləvazimatların ehtiyacı olan insanlara çatdırılması üçün Laçın və Ağdam dəhlizlərinin dərhal açılmasına çağırıb. Bununla yanaşı, Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yardımını daşıyan yük maşını Ağdam yolu vasitəsilə Qarabağa daxil olaraq ləvazimatları çatdırıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ağdam marşrutunun açılmasını Laçın dəhlizinin açılışının asanlaşdırılmasında mühüm addım olduğunu vurğulayıb. Siz regionda hadisələri izləyirsiniz. Qarabağda durumu necə qiymətləndirirsiniz?
Keri Kavano: Təchizatların çatdırılması ilə bağlı ilk olaraq şərh vermək istəyirəm. Bunu görəndə sevindim. Hesab edirəm ki, bu, çox vacibdir. Amma aydındır bu, kifayət deyil. Bu, Ağdam yolu ilə gələn yeganə yük maşını idi və mənim bildiyimə görə, 1000 ərzaq paketi, bəzi geyim əşyaları, körpələr üçün bəzi məhsul gətirilib. Amma biz bilirik ki, Laçın dəhlizində artıq Fransadan bir karvan, Beynəlxalq Qızıl Xaç Komitəsinin yük maşınları və Ermənistandan təchizat daşıyan yük maşınları gözləyir. Beləliklə, bu, bir başlanğıc və yaxşı bir başlanğıc olsa da Dağlıq Qarabağda qalan insanların bu lazımsız blokadasına son qoymaq üçün daha çox işlər görülməlidir.
Amerikanın Səsi: Səfir Kavanaugh, danışıqlarda təcrübəsi olan biri kimi, hazırkı məqamda əsas çətinliklərin nədən ibarət olduğunu düşünürsünüz? Sizin fikrinizcə, əməkdaşlığın təşviq edilməsi və etibarın yaradılması üçün tərəflər arasında gərginliyi necə azaltmaq olar?
Keri Kavano: Fikrimcə, etibar yaxşı ifadədir. Bunu qeyd etməyinizə şadam. Bu, yəqin ki, ən çətin məsələdir. Onlar bildiyimə görə, danışıqlar aparır. Bu, yaxşıdır. Son bir neçə ayda Azərbaycan və Ermənistan arasında Avropa İttifaqı, ABŞ, Rusiya, ayrı-ayrı dövlətlər, Fransanın dəstəyi ilə vaxtaşırı təmasların şahidi olmuşuq. Beləliklə, biz kifayət qədər fəaliyyət göstərildiyini görürük və onları həll yolları tapmağa sövq edirik və onların nəzərdən keçirdiyi müəyyən məsələlərin olduğunu bilirik. Ermənistanda baş nazir Paşinyan razılaşmaların olduğunu deyib. Hətta fikrimcə, o, bu gün elan edib ki, onlar artıq bəzi əvvəlki müzakirələrlə bağlı Bakıya cavab göndəriblər və Bakı da artıq onlara cavab verib. Beləliklə, də irəli-geri dialoq gedir. Buna görə də düşünürəm ki, etibar məsələsinə gələndə bu blokada belə problemli məsələ olub. Həllini gözləyən problem, cavab verilməli olan əsas sual Qarabağ bölgəsində yaşayan ermənilərin vəziyyətinin necə olacağı ilə bağlıdır və bu problemi hərbi yolla həll etmək olmaz. Mən bunu dəfələrlə demişəm. Bu problem 2020-ci ildə atəşkəslə həll olunmayıb. Bu, həm əsaslı şəkildə sənədləşmə yolu ilə, həm də psixoloji cəhətdən humanist şəkildə həll edilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qalan insanlar Azərbaycanda yaşamaqla bağlı problemin olmadığından rahat olmalıdırlar və mən bu blokadanın tam əks siqnal olduğunu düşünürəm. Bu, insanları nə qədər təhlükəsiz və güvənli ola biləcəkləri ilə bağlı sual verməyə vadar etdi. Onlar Ermənistanla əlaqənin davam edəcəyinə inana bilərlərmi? Hal-hazırda keçən ilin dekabr ayından bəri bunu edə bilmirlər. Mənim fikrimcə, əsl problem budur. Düşünürəm ki, hər hansı bir nəticəyə gəlmək məqsədilə daha çox inam yarada biləcəyiniz nöqtəyə yaxınlaşmaq üçün bu blokada aradan qaldırılmalıdır.
Amerikanın Səsi: Sizin qeyd etdiyiniz kimi, Birləşmiş Ştatlar və Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsi üçün birgə işləyirlər. İlk növbədə, iki ölkə arasında uzunmüddətli sülhə nail olunması istiqamətində ABŞ və Aİ-nin son diplomatik səyləri haqda nə düşünürsünüz və iki ölkə arasında münasibətlərin normallaşması və regionda uzunmüddətli sülhə nail olunması perspektivləri barədə fikriniz nədir?
Keri Kavano: Dövlət katibi Blinkenin sentyabrın 1-də prezident Əliyevə hər iki yolun - Ağdamdan və Laçından yolun eyni vaxtda açılması barədə danışdığını görürük. Bu, hələ baş verməyib. Amma düşünürəm ki, bu, ABŞ-ın diqqətinin təkcə sülh prosesini irəli aparmağa deyil, bu gün gördüyümüz və hələ də ağır olan vəziyyətin humanitar nəticələrinin aradan qaldırılmasına yönəldiyini göstərir. Hesab edirəm ki, bu, vurğulamaq üçün doğru nöqtədir. Bu məsələ həll olunmayana qədər münasibətlərin normallaşdığını görmək çox çətindir. Əslində biz hələ də Ermənistanla Azərbaycan arasında zorakılıqların baş verdiyini və sərhəddə insanların atəşə tutulması kimi gərginliyin şahidi oluruq. Bu, qüvvələrin hərəkəti ilə daha çox hərbi fəallığın artmasına səbəb oldu. Bu, böyük hərbi qarşıdurmaya gətirib çıxarmadı, amma inanıram ki, regiondakı insanların hərbi münaqişənin mümkünlüyündən narahat olmasına səbəb oldu.
Amerikanın Səsi: Səfir Kavano, sizin Rusiyanın Qarabağda sülhməramlı missiyasının gələcəyi ilə bağlı fikirlərinizi eşitmək maraqlıdır. Bildiyiniz kimi, hazırda Moskvanın bölgədə 2000-ə yaxın sülhməramlı qüvvəsi var və bəzi müşahidəçilər Rusiyanın onların mandatını 2025-ci ildən sonra da uzatmağa cəhd edə biləcəyi barədə fikir irəli sürürlər. Moskva həmçinin bu yaxınlarda ABŞ və Ermənistan qüvvələrinin birgə hərbi təlimlərinə reaksiya verib. Moskvanın regionda məqsədləri nədən ibarətdir?
Keri Kavano: Bu 2000 nəfərlik sülhməramlı qüvvə atəşkəs sazişinin bir hissəsi idi. Bu, belə anlaşılırdı. Onlar Qarabağda qalan erməni əhalinin özlərini təhlükəsiz və güvənli hiss etməsi üçün oradadırlar. İndi gördüyümüz odur ki, sülhməramlı qüvvələr onların özlərini təhlükəsiz hiss edəcəkləri şəkildə müdaxilə etmirlər. Hesab edirəm ki, bu, həll edilməsi lazım olan problemdir. Fikrimcə, hərbi təlimlər əslində hələ də davam edir. Düşünürəm ki, daha bir neçə gün davam edəcək. Mənim fikrimə görə, mətbuat bu haqda çox yazıb, bəlkə də simvolik olaraq bu, daha böyük məna daşıyır. Amma əslində söhbət Kanzas Milli Qvardiyasının 85 üzvündən gedir. Onlar ermənilərlə sülh səylərində necə iştirak etmək məqsədilə işləmək üçün gəliblər. Yəni, onların keçirdiyi təlimlər hərbi hazırlıq deyil, daha çox sülhməramlı əməliyyatlara necə cəlb olunmaqla bağlı təlimlərdir. Bu, ABŞ tərəfindən Ermənistanda ilk dəfə atılan addımdır. Amma bunun bəzi mediada təqdim edildiyindən daha sadə olduğunu düşünürəm. Mən deyə bilərəm ki, bu blokada və hələ də statusla bağlı razılığın əldə olunmaması Ermənistan vətəndaşlarını və Ermənistan hökumətini Moskvanın ermənilərin maraqlarının lazımi şəkildə müdafiəsini təmin etmək üçün etibarlı və ya yetərli strateji tərəfdaş olub-olmadığını bir sual etməyə vadar edib.
Amerikanın Səsi: Hazırda Ukraynada müharibə davam edir. Sizin fikrinizcə, Ukraynada müharibənin mümkün nəticələri Moskvanın regiondakı roluna necə təsir göstərə bilər?
Keri Kavano: Düşünürəm ki, bunun artıq təsiri olduğu aydındır. Fikrimcə, Moskvanın 2020-ci ilin noyabrında atəşkəsi qorumaq üçün yerləşdirdiyi sülhməramlı qüvvələrin daha çox fəallıq göstərmədiyinin qismən Ukraynadakı vəziyyətlə bağlı olduğunu gördük. Biz Ukraynada müharibəyə görə sülhməramlıları qüvvələrin geri çəkildiyini, Rusiyanın hərbi qüvvələrinin bir hissəsinin Mərkəzi Asiyanın bir neçə ölkəsindən çıxarıldığını gördük. Bunun [Ukraynada] daha çox döyüşlərə səbəb olduğunun şahidi olduq. Beləliklə, kiçik miqyaslı münaqişə və Ukraynada genişmiqyaslı müharibədən söhbət gedir. Amma aydındır ki, bunlar eyni vaxtda baş verir və hamısı bir-birinə təsir edir. Mən hesab edirəm ki, burada əsas sınaq bu gün gəldiyimiz məqamdır. Ukrayna-Rusiya müharibəsinin nə vaxt və necə bitəcəyi bəlli deyil və bu baş verənə qədər bunun regiona təsirinin necə olacağını təxmin etmək daha çətindir.
Rusiyanın sanksiyalara məruz qalması, Rusiya enerjisinin ixracının daha çətin olması və avropalıların Rusiyadan [enerji] almaq istəməməsi aydındır ki, regionda iqtisadi dinamikanı dəyişir. Azərbaycanın enerji resurslarına daha çox tələbat var və biz bunu görürük. Deməli, hərbi istiqamətdə yox, fərqli istiqamətdə başqa bir təsir var. Düşünürəm ki, digər bir problem regiona uzunmüddətli beynəlxalq investisiyaların kölgədə qalmasından ibarətdir. İş adamları və banklar keçmiş Sovet İttifaqının ərazisini qeyri-sabit və problemli hesab etdikcə regiona investisiya qoymaq bir o qədər problemli olur. Əgər siz Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlaya biləcəyindən narahatsınızsa, bura kapital qoyuluşu, yeni zavodlar, yeni avto-magistrallar, qatarlar və hava limanlarının tikintisinə yatırmaq üçün ən yaxşı yer deyil. Ona görə hesab edirəm ki, bu da problemdir və bu, bir müddət hələ davam edəcək.