“ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır. Humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edirik və biz Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik”.
Bu barədə ABŞ Dövlət katibinin sentyabrın 10-da yayılan “Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac” adlı mətbuat üçün bəyanatında deyilir.
Dövlət katibi bildirir ki, ABŞ həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı addım atmamağa çağırır.
“Mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Cənubi Qafqazda son vaxtlar gərginliyin artması fonunda ABŞ layiqli və davamlı sülhə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini qətiyyətlə dəstəkləməkdə davam edəcək. Biz bir daha bildiririk ki, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişi Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır. Biz həmçinin Bakı ilə Dağlıq Qarabağ sakinləri arasında dialoqu təşviq edirik”, Dövlət katibi qeyd edir.
Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar daha sonra bir daha təsdiq edir ki, irəliyə doğru yeganə yol sülh, dialoq və Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılmasıdır.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.
BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.
Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib.