Sentyabrın 1-də Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarına əsasən, Elçin Sadıqovun Vəkillər Kollegiyasından xaric edilməsi üçün VK tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar ləğv edib və vəkillik fəaliyyəti bərpa olunub. İşə yenidən rəy verilməsi üçün intizam icraatına göndərilib.
Bu barədə məlumatı vəkil özü də təsdiq edib.
"Bəli, vəkillik fəaliyyətim bərpa olundu. Hər kəsə dərin təşəkkürümü və ehtiramımı bildirirəm. Var olun!”, deyə Sadıqov bildirib.
İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.
Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilən vəkillərdən biri Elçin Sadıqovdur.
Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır.
Vəkil Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir.
Vəkillər Kollegiyasından Amerikanın Səsinə bildiriblər ki, Sadıqovun kollegiyadan siyasi səbəblərlə uzaqlaşdırılması barədə dedikləri "tamamilə həqiqətə uyğun deyil, yalandır".
"Rəyasət Heyəti onun barəsində yol verdiyi qeyri-qanuni hərəkətlərə görə qərar qəbul edib. Eynulla Fətullayev kollegiyaya müraciət edib. Sadıqovun özü də Eynulla Fətullayevin şikayətində yazılanları publik qaydada etiraf edib", kollegiyadan Sadıqovun bu il martın 28-də Facebook səhifəsində yazdığı statusa istinad etdiklərini bildiriblər.
Eynulla Fətullayevin rəhbəri olduğu Haqqin.az saytı yazıb ki, qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib. Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması sosial şəbkələrdə tənqidlə qarşılanıb.
"Xatırladaq ki, vəkil Elçin Sadıqov həbsdə olan iş adamı, "Baku Steel Company" metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallıya 20 min manat rüşvət verməkdə təqsirli bilinib. Lakin bir neçə gün sonra Əvəz Zeynallı Rasim Məmmədovun fəaliyyətini tənqid etməkdə davam edib. Rasim Məmmədovun yaxın dostu, jurnalist Fətullayev Elçin Sadıqovla Əvəz Zeynallı arasında rüşvətin verilməsinin təfərrüatları və jurnalistin üzərinə götürdüyü öhdəliklərin müzakirə edildiyi söhbətin audio yazısını yayıb. Səs yazısı ictimailəşdikdən sonra jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılıb. Vəkil ifadəsində jurnalistin iş adamını tənqid etməyəcəyi üçün Əvəz Zeynallıya 20 min manat rüşvət verdiyini təsdiqləyib. Lakin Zeynallı "centlmen sövdələşməsini" pozub. Hadisədən dərhal sonra jurnalist Eynulla Fətullayev Vəkillər Kollegiyasına müraciət edərək peşə fəaliyyətini kobud şəkildə pozan vəkil Sadıqovun barəsində tədbir görülməsini istəyib", xəbərdə qeyd olunub.