Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda erməni icmasına yardımı, Laçın yolunda durum, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri və Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti haqda danışıb.
Amerikanın Səsi: Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni icmasına humanitar yardım göndərib. Yardım karvanı Ağdam və Xankəndi arasında Rusiya sülhməramlılarının nəzarəti altında olan posta çatıb. Mediada verilən məlumatlara əsasən, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yardımın sakinlərə çatdırılmasını təmin etmək üçün hazırda Rusiya sülhməramlıları ilə danışıqlar aparır. Siz Qarabağda vəziyyəti izləyirsiniz. Hazırkı durumu necə qiymətləndirirsiniz?
Lyuk Koffi: Aydındır ki, Qarabağda yaşayan ermənilərin bu yardıma, bu köməyə ehtiyacı var. Bu çox ehtiyac olan yardımın Ağdam-Xankəndi yolundan gəlməsini təmin etmək üçün Qarabağın erməni icmasının liderləri üzərində səlahiyyətlərindən istifadə etmək Rusiya sülhməramlılarının öhdəsinə düşəcək. Kənardan baxan müşahidəçi kimi mənə elə gəlir ki, Qarabağda yaşayan insanlar öz rəhbərləri tərəfindən girov tutulub. Onların bu yardıma çox böyük ehtiyacı var və əgər Qarabağın erməni icmasının rəhbərliyi bu ərzaq və yardımın yol vasitəsilə keçməsinə imkan vermək istəsə bu ərzağı əldə etmək üçün yol var.
Amerikanın Səsi: Azərbaycanın Laçın yolu ilə bağlı əsas narahatlığı bu yol vasitəsilə ölkəyə mina və hərbi texnikanın daşınması üçün istifadə edilməsi ilə bağlıdır. Azərbaycan həmçinin Ermənistan Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına mane olduğunub bildirir. Beynəlxalq ictimaiyyətin bu məsələlərlə bağlı mövqeyi nədən ibarətdir?
Lyuk Koffi: Azərbaycan hökumətinin öz beynəlxalq sərhədindən keçib ölkəyə daxil olanlar haqda bilgisi olmaq və buna nəzarət etmək istəməyə tam hüququ var. İndi Laçında məhz bunu edirlər. Biz həmçinin təkcə İkinci Qarabağ müharibəsinin başlamasının deyil, həm də Ermənistanın öz ərazisi vasitəsilə Azərbaycan və Naxçıvan Respublikası arasında tranzitə icazə verməyə razılaşdığı atəşkəs razılaşması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasının üçüncü ildönümünə yaxınlaşırıq. Və bu konkret məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Azərbaycan 2020-ci ilin noyabr ayından etibarən atəşkəs razılaşması ilə üzərinə düşən hissəni yerinə yetirsə də, Ermənistan tərəfində çox az irəliləyiş əldə edilib. Mən hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələyə kifayət qədər diqqət yetirmədiyinə görə biz Bakıda məyusluq olduğunu müşahidə edirik. Bəli, son bir neçə ayda Brüssel və Vaşinqton tərəfindən müsbət irəliləyişlər gördük, lakin belə görünür ki, bu təşəbbüslər də yavaş-yavaş dayanıb və onların əsas diqqət mərkəzində deyil.
Amerikanın Səsi: Sizcə, hazırda hansı risklər mövcuddur? Tərəflər arasında əməkdaşlıq və etimad yaradılmasını təşviq etmək üçün gərginliyin azaldılmasına necə nail olmaq olar?
Lyuk Koffi: Hazırda belə görünür ki, Rusiya sülhməramlı qüvvə kimi, Qarabağda təhlükəsizliyin təminatçısı kimi 2020-ci ilin noyabrında əldə olunan atəşkəs razılaşmalarından sonra aldığı mandatı ya yerinə yetirə bilmir, ya da yerinə yetirmək istəmir. Bu, həm Brüssel, həm də Vaşinqtonun daha böyük rol oynaması üçün imkanlar yaratdı. Dediyim kimi, son aylarda bəzi müsbət irəliləyişlərin şahidi olduq, amma indi deyəsən, bu yol dalana dirənib. Mən düşünürəm ki, hazırda Ağ Ev, əlbəttə ki, Dövlət Departamenti insanların, Qarabağda yaşayan ermənilərin ehtiyac duyduqları ərzaq məhsulları əldə edə bilməsinə imkan verəcək çıxış yolunun tapılması üçün bütün tərəfləri danışıqlar masasına oturtmaq üçün səylərini ikiqat artırmalıdır. Bu, həm də Bakı üçün “iki tərəfi olan” qılıncdır, çünki son bir neçə ildə Azərbaycan hökumətindən verilən mesaj ondan ibarətdir ki, Qarabağda yaşayan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti tərəfindən onlara qayğı və diqqət göstəriləcək. Düşünürəm ki, Azərbaycan hökumətinin bu yaxınlarda istifadə olunan Ağdam-Xankəndi yolunda konvoylarla bunu göstərməyə çalışdığını görürük. Amma Azərbaycan hökuməti həm də çox irəliyə getmədiyinə də əmin olmalıdır və əgər Qarabağda yaşayan etnik ermənilərin ərzağa ehtiyacı, dərmana ehtiyacı varsa, onlar bunu bu və ya digər şəkildə almalıdırlar. Beləliklə də döyüşlərin yenidən alovlanması, regionda daha bir böyük müharibənin başlamasını istəmədiyimiz bir vaxtda biz hazırda Cənubi Qafqazda çox gərgin və kövrək bir dövrdən keçirik.
Amerikanın Səsi: Qeyd etdiyiniz kimi, ABŞ və Avropa İttifaqı son vaxtlarda Azərbaycan və Ermənistan arasında uzunmüddətli, davamlı sülhü təşviq etmək üçün diplomatik səylərini artırıblar. İki ölkə arasında münasibətlərin normallaşması və regionda uzunmüddətli sülhün əldə olunması perspektivləri barədə nə düşünürsünüz?
Lyuk Koffi: Mən ehtiyatlı nikbinliklə baxıram. Mən bu hadisələrə daha uzaq [perspektivdə] baxmağa meylliyəm. Xüsusilə indiki gərginliyi nəzərə alsaq, yaxın vaxtlarda hər hansı irəliləyiş olacağını düşünmürəm. Bununla belə, düşünürəm ki, bir çox erməni onların gələcəyinin Azərbaycanla normallaşma, Türkiyə ilə normallaşma, iqtisadi cəhətdən regiona inteqrasiya olduqları halda daha yaxşı olacağını anlayır. Ermənistanla Azərbaycan arasında davam edən münaqişələr ucbatından regiona nə qədər milyardlarla dollar birbaşa xarici investisiyanın yatırılmadığını düşünün. Buna görə də hesab edirəm ki, ermənilər və azərbaycanlılar bilirlər ki, son nəticədə, onların gələcəyi münasibətlərin normallaşması, regional infrastruktur layihələrində birgə əməkdaşlıq, ticarətin genişləndirilməsi və birbaşa xarici investisiyaların cəlb edilməsi ilə daha yaxşı olacaq. Rusiya bunun baş verməsini istəmədiyi üçün bunun qarşısını alır. Çünki o zaman Moskva Cənubi Qafqazda təsirini itirəcək. Beləliklə də mən nikbinəm ki, biz nəhayət normallaşma görəcəyik, amma bunun hələ uzaqda olduğunu düşünürəm.
Amerikanın Səsi: Bundan əvvəl müzakirə etdiyimiz kimi, Rusiyanın sülhməramlı missiyasının gələcəyi ilə bağlı fikirlərinizi bilmək istərdim. Moskvanın Qarabağda 2000-ə yaxın sülhməramlı qüvvəsi mövcuddur. Bəzi müşahidəçilərin fikrincə, Rusiya sülhməramlı qüvvələrin mandatını 2025-ci ildə başa çatdıqdan sonra uzatmağa çalışa bilər. Moskvanın potensial olaraq planları haqqında nə düşünürsünüz?
Lyuk Koffi: Əgər siz rus ordusunun zabiti və ya əsgərisinizsə və Qarabağdasınızsa, yəqin ki, Ukraynada olmadığınıza görə çox minnətdarsınız və şükür edirsiniz. Buna görə də Rusiya hərbçiləri bu sülhməramlı qüvvələri orada saxlamaqda maraqlı olacaqlar ki, Ukraynanın şərqində “ətçəkən maşınlara” daha az hərbçi göndərilsin. Amma siz Rusiya sülhməramlı qüvvələrinin son aylardakı hərəkətlərinə baxsanız, əslində daha çox işğalçı qüvvə kimi davranmağa başlayan sülhməramlı qüvvələri görürsünüz. Mən Bakıda insanlarla söhbət edəndə məndə belə bir təəssürat yaranırdı ki, onların Rusiya sülhməramlılarının Qarabağdakı davranışlarından səbri tükənib. Mən şübhə etmirəm ki, xalq, hökumət bunu açıq şəkildə bəyan etməsə də bəlkə də Azərbaycan hökumətinin Rusiya sülhməramlıları 2025-ci ilə qədər, ən geci 2025-ci ildə gedən kimi mandatı təzələmək istəyi yoxdur. Mən ən azı indiki şəraitdə bu mandatın 2025-ci ildə yenilənəcəyi kimi ssenarini təsəvvür edə bilmirəm. Düşünürəm ki, bu müddət ərzində çox şey dəyişəcək.