Ceyms Uorlik: Ağdam marşrutu önəmlidir, amma Laçin dəhlizinin də açıq olması vacibdir
ABŞ-ın sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Qarabağda erməni sakinlərə yardımın çatdırılması ilə bağlı son səylər və Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivlərini şərh edib.
Amerikanın Səsi: Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni icmasına humanitar yardım göndərib. Yardım karvanı Ağdam və Xankəndi arasında Rusiya sülhməramlılarının nəzarəti altında olan posta çatıb. Mediada verilən məlumatlara əsasən, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yardımın sakinlərə çatdırılmasını təmin etmək üçün hazırda Rusiya sülhməramlıları ilə danışıqlar aparır. Siz hazırda Qarabağda vəziyyəti necə qiymətləndirirsiniz?
Ceyms Uorlik: Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin keçə bilməsi çox vacibdir, çünki onlar Dağlıq Qarabağ əhalisini çox ehtiyac duyulan ərzaq və dərmanla təmin etməlidirlər. Ümid edirəm ki, Rusiya sülhməramlılarının onların keçməsinə razılıq verməsi mümkün olacaq. Azərbaycan hökumətinin heç olmasa bu yolun açılmasına icazə verməsi yaxşı xəbərdir. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, yollar nə qədər çox olsa, bir o qədər yaxşıdır, mən bununla razılaşmaya bilmərəm. Amma Laçın dəhlizində də yolun açılması lazımdır ki, bu istiqamətdən də yardımların, eləcə də çox ehtiyac duyulan ərzaq və dərmanlar və yanacaq da daxil olmaqla, digər zəruri ləvazimatların çatıdırılmasına imkan yaradılsın.
Amerikanın Səsi: BMT Təhlükəsizlik Şurası avqustun 17-də Ermənistanın müraciəti əsasında Qarabağda vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırıb. Rəsmi Yerevan Azərbaycanı Laçın dəhlizinin blokadasında ittiham edir. Azərbaycan bunu rədd edir və lazımi tədarükün çatdırılması üçün Ağdam vasitəsilə alternativ marşrut təklif edir. Vəziyyətin yüngülləşdirilməsi üçün beynəlxalq səylər barədə nə düşünürsünüz? Hansı tədbirlər görülə bilər?
Ceyms Uorlik: Dağlıq Qarabağa gedən yolların, xüsusən də Laçın dəhlizi ilə yolun açıq olması üçün beynəlxalq ictimaiyyətin təzyiq göstərməsi vacibdir. Mən Paris merinin orada olduğunu və çox lazım olan bəzi ləvazimatları çatdıra bilmədiyini gördüm. Buna görə məsuliyyəti istər Rusiya sülhməramlıları olsun, istər Azərbaycan hökuməti, istərsə də başqaları daşısın, amma məsələni həll etmək lazımdır. Dağlıq Qarabağda insanların aclığa məhkum edildiyi aydındır. Mən ərzaq mağazalarının heç bir şey olmadığı rəflərinin şəkillərini gördüm. Çox ehtiyac duyulan dərmanların və yanacağın çatdırılması lazımdır. Bunlar zərurətdir və həm Ermənistan, həm də Azərbaycan bunu mütləq istəməlidir. Razıyam ki, yollar nə qədər çox olsa, o qədər yaxşıdır və Ağdam marşrutu önəmlidir. Amma Laçin dəhlizinin də açıq olması vacibdir.
Amerikanın Səsi: Amerikanın Səsi: Mövcud hansı risklərin olduğunu düşünürsünüz? Əməkdaşlıq və etimad qurulmasını təşviq etmək üçün tərəflər arasında gərginliyi necə azaltmaq olar?
Ceyms Uorlik: Bizə lazım olan məhz bu etimadın yaradılmasıdır. Ermənistanla Azərbaycan arasında böyük bir narazılıq və bundan da ciddi [problem]var. Bunun öhdəsindən gəlmək vacibdir. Azərbaycan hökuməti tərəfindən barışıq mərhələsi olmalıdır. Azərbaycan prezidenti Əliyev Dağlıq Qarabağ həqiqətən də Azərbaycanın ayrılmaz hissəsi olduğu üçün bu bölgədə ərzaq, tibbi ləcazimat və təhlükəsizliyin təmin edilməsinə rəhbərlik etməlidir. ABŞ, Fransa, digər ölkələr, o cümlədən Rusiya hökumətləri bunun prioritet olduğunu, problemin güc yolu ilə həll edilə bilməyəcəyini və bunun hazırda humanitar çağırışa çevrildiyini açıq şəkildə bildirməlidirlər.
Amerikanın Səsi: Birləşmiş Ştatlar və Avropa İttifaqı son zamanlar Azərbaycan və Ermənistan arasında uzunmüddətli və davamlı sülhü təşviq etmək üçün diplomatik səylərini artırıblar. Siz iki ölkə arasında münasibətlərin normallaşması və regionda uzunmüddətli sülhün əldə olunması perspektivləri barədə nə düşünürsünüz?
Ceyms Uorlik: Mən uzunmüddətli sülhə nail olunmasının tamamilə mümkün olduğuna inanıram. Düşünürəm ki, bu problemlərin həlli üçün ilk növbədə müəyyən etimadın yaradılması, amma eyni zamanda tərəflərin xoş niyyətinin olması lazımdır. Bütün bu çözülməmiş məsələləri həll edəcək sülh prosesi olmalıdır. Bunlara rabitə və təchizat yolları və nəqliyyat kimi məsələlər, eyni zamanda Dağlıq Qarabağda erməni icmasının müdafiəsini təmin edən və onların Dağlıq Qarabağda qalmalı və firavan cəmiyyət qurmalı olduqlarına əminlik yaradan məsələlər daxildir. Təhlükəsizliklə bağlı məsələlər var. Mən bilirəm ki, Azərbaycan hökuməti bunları hər şeydən üstün tutur və mən onların əhəmiyyətini azaltmıram. Bununla belə, sülh prosesi vasitəsilə həll oluna biləcək bir çox məsələlər var və mən ermənilərlə azərbaycanlıların birlikdə sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəkləri vaxtın gələcəyinə inanıram. Bu, sadəcə boş bir xəyal deyil, tərəflər bu məqsədə çatmaq üçün çalışmalıdır.