Avqustun 31-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov inzibati həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb.
Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası çıxarıb.
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.
Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:
"Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib".
Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədlinin məlumatına görə, Elvin Mustafayev həbs olunduğu gündən etibarən aclıq aksiyasına başlayıb və hazırda səhhəti pisləşib:
"O, hazırda təcridxanadadır və həkimə ehtiyacı var. Elvin Mustafayevin bütün həyati məsuliyyətini başda İlham Əliyev olmaqla bu yarıtmaz hakimiyyət daşıyır".
Elvin Mustafayevin də üzv olduğu "Son Ümid" Hərəkatının sədri Ramin Əliyev onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb:
"Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir".
Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Orxan Zeynalov avqustun 12-də gecə saatlarında polis tərəfindən təqib olduğunu deyir. Kuryer fəaliyyəti ilə məşğul olan Zeynalova qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Cinayət Məcəlləsinin 306.1-ci maddələri ilə ittiham irəli sürülüb. O bildirib ki, 2012-ci ildə banka 3000 manat borcu olub, həmin işi yenidən qaldıraraq onun əleyhinə istifadə edirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, kuryerlik fəaliyyəti ilə məşğul olan Orxan Zeynalov barəsində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilməsi ilə bağlı iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir.
Avqustun 11-də İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da həbs olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilıb. İsrafilovun da Cinayət Məcəlləsinin 234.1-1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma)maddəsi ilə ittiham olunduğu bildirilir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.
İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.